Akademik tələbələrə ustad dərsi keçib
Akademik Azərbaycan gəncliyinə səslənərək bildirib: “Zatını bilməyən oğuldan kişi çıxmadığı kimi, tarixinə sahib çıxmayan xalq da məhvə məhkumdur. Tarixinə sahib çıxan xalq isə yenilməzdir”.
“Bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən Tarix İnstitutu Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir”, - deyə tarixçi-alim qeyd edib.
İnstitutun direktoru deyib: “Azərbaycan xalqına sovet dönəmində saxta tarix təqdim olunmuşdu. Guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər kitablar müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb. “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabında ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir”.
O bildirib ki, sovet vaxtı “26 Bakı komissarı” abidəsi toy-düyün yerinə çevrilmişdi: “Prezident İlham Əliyev xalqımıza qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyan və digər cəlladların cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanına köçürtməklə şüurlarda inqilab etdi. Mən prezidentin bu addımını Nikolay Kopernikin kəşfinə bənzədirəm”.
“Tarixçilərimiz ilk mənbələrə, o cümlədən zəngin arxiv sənədlərinə əsaslanaraq vətənimizin saxtalaşdırılmalardan, təhriflərdən təmizlənmiş yeni tarixini yazırlar. İnstitut ikicildlik “Azərbaycan Respublikasının tarixi (1991-2016)” fundamental araşdırmasını çap etdirib. Yaxınlarda üçcildlik “Azərbaycan tarixi” və “Zəngəzur tarixi” nəşr ediləcək”, - deyə akademik qeyd edib.
Sonda Yaqub Mahmudov tələbələrin suallarını cavablandırıb. Tələbələrə Tarix İnstitutunun nəşrləri təqdim olunub.
Qeyd edək ki, ustad dərsləri AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.
Azvision.az
Teqlər: AMEA Yaqub-Mahmudov