Səudiyyənin anti-korrupsiya kampaniyası - 106 milyard dollar yığılıb

 Səudiyyənin anti-korrupsiya kampaniyası -  106 milyard dollar yığılıb
  31 Yanvar 2019    Oxunub:2137
Səudiyyə Ərəbistanının krallıq məhkəməsi bəyan edib ki, anti-korrupsiya kampaniyası çərvivəsində aparılan iş başa çatıb və hökumət bu kampaniya nəticəsində 106,6 milyard dollar əldə edib.
Azvision.az xəbər verir ki, bu barədə “Associated Press” beynəlxalq informasiya agentliyi məlumat yayıb.

Krallıq məhkəməsi bildirib ki, Səudiyyə hökuməti pul vəsaitləri formasında aktivlər, əmlak və biznes-aktivlərini əldə edib və bununla da anti-korrupsiya komitəsinin işi yekunlaşıb. Kampaniyanın gedişində 381 nəfər dindirilib, onlardan 87-si işin məhkəməsiz həllinə razılaşıb. 56 nəfərə qarşı isə cinayət işi açılıb. Məhkəməsiz həll variantından imtina edən 8 nəfərə qarşı isə korrupsiya ittihamı irəli sürüləcək. İttiham irəli sürülmədiyi digər saxlanılanlar isə sərbəst buraxılıb.

Qeyd edək ki, 2017-ci ilin noyabrında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən başladılan anti-korrupsiya kampaniyası çərvivəsində Səudiyyənin 11 şahzadəsi, yüzlərlə keçmiş məmur və biznesmenlər həbs edilmişdi. Onlar bir neçə həftə dəbdəbəli “Ritz-Carlton” otelində təcrid vəziyyətində saxlanıldıqdan sonra həbsxanaya salınmışdılar.

Ekspertlər isə bildirirlər ki, vəliəhd şahzadənin təşəbbüs göstərdiyi bu kampaniyanın adı “anti-korrupsiya” olsa da, əslində məqsəd kral ailəsinin zəngin üzvləri və biznesmenləri hədələyərək, onları Ər-Riyadın ABŞ-dan almağa söz verdiyi 400 milyard dollarlıq silahın ödənişində iştiraka məcbur etmək və bundan imtina etdikləri təqdirdə isə həbsxanaya salaraq varidatlarına əl qoymaq idi.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Anti-korrupsiya   ABŞ  





Xəbər lenti