ABŞ-da yaşayan azərbaycanlı ailə həkimi
Deyir ki, - "Anam mənim həkim olmağımı daha çox arzulayırdı. Hətta adımı da İslam Səfərlinin ərsəyə gətirdiyi "Göz həkimi" əsərindəki İradə obrazından götürüb". İnstitutu bitirdikdən sonra, Bakıdakı 27 saylı poliklinikada əvvəlcə sahə həkimi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb. Daha sonra Kardiologiya İnstitutunda işləyib və orada elmi iş müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Dörd il İranda olub, burada klinikalardan birində kardioloq-həkim kimi işləyib. 1996-cı ildən ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində yaşayır.
"Bu ölkəyə təzə gələndə çox çətinliyim oldu. Tanımadığım ölkə, tanımadığım insanlar. Mən öz peşəmlə məşğul olmaq istəyirdim, amma bu fikrimi kimə deyirdimsə, hamı bunu heç ağlımdan da keçirməməyi tövsiyyə edirdi. Səbəblər aydın idi- birincisi, dili yaxşı bilmirdim, ikincisi də bu arzumu reallaşdırmaqdan ötrü olduqca çətin olan imtahanlardan keçməliydim. Təbii ki, bu fikirlər mənə təsir edirdi, amma çox düşünüb-daşındıqdan sonra qərara aldım ki, nə olursa-olsun həkim kimi işləməliyəm. Çünki bilirdim ki, öz peşəmi davam etdirməsəm, həyatımın mənası olmayacaq" - deyə o söyləyir.
Bir müddət keçəndən sonra İradə xanım "US Medical License Exam" adlanan üç ixtisas və ingilis dili imtahanlarını müvəfəqiyyətlə verərək, ABŞ-da çox məşhur olan Atlanta şəhərində fəaliyyət göstərən Emory Universitetində üç il rezedentura keçir və ailə həkimi işləməyə rəsmi icazə alır, nəticədə ailə həkimi kimi fəaliyyətə başlayır. Hazırda altı klinikanı özündə birləşdirən "Beaver Medical Group"da çalışır. Təxminən 4000 xəstənin sağlamlığına baxır. Ömür-gün yoldaşı Azər Eminzadə fizika elmləri namizədidir. Qızı Nigarın 24 yaşı var. İrvine Universitetinin tələbəsidir. Nigar xanım Bakıdakı Oxford məktəbində bir neçə dəfə könüllü olaraq ingilis dilindən dərs deyib. Eləcə də ingilis dili kurslarından birində müəllimlik edib.
"Çox istərdim, Qarabağ problemi tezliklə həllini tapsın. İnsanlarımız xoşbəxt yaşasınlar. Bütün soydaşlarımıza dünyanın ən qiymətli neməti olan can sağlığı arzulayıram. Allah Azərbaycanımızı qorusun!".
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Azvision.az
Teqlər: ABŞ Azərbaycan