Xalq yazıçısının ABŞ-da yaşayan alim oğlu - FOTO
Deyir ki, "Çox xoşbəxt insanam. Atam Hüseyn Abbaszadə xalq yazıçısı olub, anam Solmaz Kərimova elmi tədqiqat institututlarından birində baş mühəndis işləyib. Bu iki böyük şəxsiyyətin sevgisindən dünyaya gəlmişəm və bütün ömrüm boyu payıma uğur düşüb".
O, 1954-cü ildə Bakıda anadan olub. 1971-ci ildə 134 nömrəli məktəbdə orta təhsilini bitirərək Moskva Dövlət Universitetinə qəbul olunub. 1977-ci ildə orada biofizika və molekulyar kimya ixtisasına yiyələnib. Vətənə dönərək Bakı Dövlət Universitetinin biologiya fakultəsində biofizika və biokimya fənnlərindən dərs deməyə başlayıb. Eyni zamanda universitetin aspiranturasında təhsilini davam etdirib, biologiya elmləri namizədi alimlik dərəcəsinə sahib olub. ABŞ-a gələnədək BDU-da müəllim, az sonra baş müəllim vəzifəsində çalışıb.
1991-ci ildə onu İlinois ştatındakı Şimali İlinois Universitetinə dəvət ediblər. 4 ay orada çalışdıqdan sonra, daha bir dəvətlə Şimali Karolina ştatına gəlib və Çapel Hil Universitetinin elmi lobaratoriyasında işə başlayıb. Burada o, "Nobel" mükafatı laureatı Əziz Sancarla bir yerdə işləyib.
"Əziz Sancarı özümə qardaş bilirəm. O vaxt vətən üçün çox darıxırdım. O, mənə Amerikada arxa-dayaq oldu. 1993-cü ildə ondan ayrılandan sonra əlaqəni itirdik. 2015-ci ildə "Nobel" mükafatını alandan sonra çətinliklə də olsa telefonunu tapdım və zəng edib təbrik etdim. Çox şad oldu, xeyli söhbət etdik" - o, deyib.
İlqar Abbaszadə 1993-cü ildə Miçiqan ştatına gəlir, Ann Arbor şəhərindəki Miçiqan Universitetinin tibb fakultəsində biokimyadan dərs deyir və elmi araşdırmalar aparır. 1994-cü ildə məşhur Standford Universitetinə dəvət alır, 1996-cı ilədək orada tədqiqatlarını davam etdirərək, molekulyar biologiya fənnini tədris edir. Və elmi axtarışlardan ayrılaraq biznes sahəsində fəaliyyətə başlayır. Bu günədək o, bir sıra məşhur biotexnologiya üzrə şirkətlərdə biznesin idarə olunması üzrə müxtəlif vəzifələrdə işləyib. "Genscript - CPBU", "ALLSTAR ADVİSORY, INC", "BECHMAN COULTER", "PROMEGA CORPORATION", "LIFE TECHNOLOGIES", "AGILENT TECHNOLOGIES" şirkətləri bu sıradadır. Çikaqo Universitetində biznesin idarə olunması ixtisası üzrə (MBA) magistr dərəcəsinə yiyələnib. Hazırda Kaliforniya şatatında "Fiji Film İrvine Scientific" şirkətində satış və marketinq departamentinin rəhbəri vəzifəsində çalışır.
Dörd övladı var. Ekiz qızları Nərgiz və Nigar birinci, qızı Lina, oğlu Mikayıl isə ikinci nigahdandır. Ömür-gün yoldaşı Oksana Abbaszadə məşhur "Paul Mitchell" kosmetika şirkətində kurslar keçib, hazırda özəl biznesi var. Azərbaycana bağlı xanımdır. Söylədiyinə görə, milliyətcə rus olsa da, özünü daha çox azərbaycanlı sayır.
İlqar bəy işi ilə əlaqədar dünyanın bir çox ölkələrinə səfər edib. Avropanı, Asiyanı, Amerikanı demək olar ki, qarış-qarış gəzib.
Deyir ki, "Həyat adama heç nəyi elə-belə vermir, hər şeyi özün qazanmalısan. Allahın uğuru isə insan taleyində rol oynayan ən vacib amildir".
Tez-tez vətəni ziyarət edir. Azərbaycanın günbəgün inkişaf etdiyinə çox sevinir. Onun gözəlliyinin vurğunu, aşiqi olduğunu, söyləyir.
Çox mehriban, zəngin mütaliyəsi olan bu soydaşımızın varlığından qürur duydum. Azərbaycanla bağlı bir çox tədbirlərdə iştirak edib. Hətta Filadelfiya İctimai televiziyasında Qarabağ mövzusunda canlı efirdə olan bir verilişdə, erməni siyasətçisinə söz döyüşündə qalib də gəlib. Ermənilərin təcəvüzkar, Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu amerikalı tamaşaçıların nəzərinə əsaslı faktlarla çatdıra bilib.
1989-cu ildə ABŞ-a gəlməmişdən iki il əvvəl BBC radiosundan bir zəng gəlir. Dəstəyi götürüb cavab verəndə atası Hüseyn Abbaszadəni soruşurlar. O da atasının evdə olmadığını söyləyir. Və meydan hadisələri barəsində verilən sualları obyektiv cavablandırır. Qısa müddətdə bütün dünya onun sayəsində bu hadisələrdən xəbərdar olur. Onu işlədiyi universitetin rəhbəri yanına çağıraraq işdən çıxması üçün ərizə yazmasını tələb edir.
Şükr etməyi bacarır. Övladlarının ağıllı, savadlı, yüksək mədəniyyətə sahib olmasından, gözəl ailəsindən danışıb, Allahdan razılığını dilə gətirir. Nəvələrini çox sevir. Onları xoşbəxt görməyi arzulayır.
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Azvision.az