Azərbaycan yığması dünya çempionatına hazırdır
Parataekvondoçuların çempionata tam hazır olduqlarını bildirən məşqçi heyəti yetirmələrinin uğur qazanacaqlarına əminliyini qeyd edib. Milliyə göstərilən diqqət və qayğıya görə federasiya rəhbərliyinə təşəkkür edən idmançılar ölkəmizə yüksək əyarlı medallarla qayıtmaq üçün var gücləri ilə mübarizə aparacaqlarını bildiriblər.
N.Səfərov və N.Paşayev dünya çempionatının Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün reytinq xalı verməsi baxımından əhəmiyyətini vurğulayıblar. Millimizin dünya parataekvondo komandaları arasında ön sıralarda yer tutduğunu və taekvondoçuların yaxşı nəticə qazanacaqlarına ümidvar olduqlarını qeyd edən vitse-prezidentlər onlara uğurlar arzulayıblar.
Xatırladaq ki, səkkizinci dəfə keçiriləcək parataekvondo üzrə dünya çempionatı fevralın 5-6-da Antalyada təşkil ediləcək. Komandamız bu yarışa 11 idmançı ilə qatılacaq. Məşqçi heyəti dünya çempionatında idmançılardan Sadiq Həmidov, Emin Nüsrətdinov, İmaməddin Xəlilov (61 kq), Elimxan Manafov, Nicat Müslümov, Əbülfəz Abuzərli, Hüseyn Həsənov (75 kq), Vüsal İsmayılov və Vüqar Adışirinov (+75 kq), Röyalə Fətəliyeva (49 kq) və Aynur Məmmədovaya (58 kq-dan yuxarı) şans verib.
Millimiz fevralın 7-də Vətənə qayıdacaq.
Azvision.az
Teqlər: Parataekvondo