Merkel “Brexit”lə bağlı yeni müzakirələrin əleyhinədir
““Brexit” sazişinin yenidən müzakirəyə çıxarılması gündəmdə yoxdur. Sazişsiz “Brexit”in olmaması üçün əlimizdən gələn hər şeyi etmək istəyirik. Çünki Britaniya Aİ-ni heç bir saziş olmadan tərk edərsə, münasibətlərimizdə qeyri-müəyyənlik daha da artacaq. Bu məsələdə kreativ olmalıyıq və bir-birimizi dinləməliyik”,– deyə Merkel vurğulayıb.
Qeyd edək ki, 29 yanvarda Britaniya parlamenti baş nazir Tereza Meyin təqdim etdiyi “Brexit” üzrə alternativ “B planı”nı, yəni ölkənin Avropa İttifaqından sazişsiz ayrılmayacağına dair təklifini qəbul edib. Lakin bunun qarşılığında Britaniya parlamenti İrlandiya ilə sərhəd məsələsində dəyişikliklər edilməsi üçün baş nazirdən “Brexit” sazişi üzrə Aİ ilə danışıqların davam etdirilməsini tələb edib. Çünki britaniyalı deputatların əksəriyyəti keçid dövrünün bitdiyi 2020-ci ilədək Londonla Brüssel arasında yeni ticarət müqaviləsi imzalanmasa, Aİ-nın təklif etdiyi xüsusi gömrük mexanizminin əleyhinədirlər. Tereza Mey də öz növbəsində əvvəlki qəti mövqeyindən geri çəkilərək, İttifaqla yeni danışıqlara hazır olduğunu bildirib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Brexit Britaniya Almaniya Yaponiya