"Həyata keçirilən islahatlar öz bəhrəsini verir" - AMEA prezidenti
Tədbirdə akademik Akif Əlizadə AMEA-da gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, magistrantların və doktorantların elmi fəaliyyətlərinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bu istiqamətdə Rəyasət Heyəti tərəfindən qərarlar qəbul olunub, sərəncamlar imzalanıb, onların həvəsləndirilməsi üçün müsabiqələr keçirilib.
Akademik həyata keçirilən islahatların öz bəhrəsini verdiyini, artıq gənc alimlərin AMEA-nın elmi-ictimai fəaliyyətində aktiv iştirak etdiyini və mühüm elmi nəticələr göstərdiklərini söyləyib.
Görüşdə, həmçinin Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva, 2019-cu il elm sahəsi üzrə Gənclər üçün Prezident Mükafatına layiq görülən Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov, Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Gəncləri Günü münasibətilə təltif olunan İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) elmi işçisi Günay İsgəndərli və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) elmi işçisi Səmra Mirzəyeva çıxış edərək AMEA-da gənc alimlərin elmi-ictimai fəaliyyət göstərməsi üçün yüksək şəraitin yaradıldığını bildirib, tədqiqatlarını bundan sonra da davam etdirəcəklərini söyləyiblər.
Sonra elmi fəaliyyətdə fərqləndiklərinə görə, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov, İTİ-nin elmi işçisi Günay İsgəndərli, Radiasiya Problemləri İnstitutunun doktorantı Hacı Vahid Axundzadə, Neft-Kimya Problemləri İnstitutunun böyük elmi işçisi Səbinə Heydərova, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük laborantı, kimya üzrə fəlsəfə doktoru Sara Cəbiyeva, Coğrafiya İnstitutunun kiçik elmi işçisi Turanə Hüseynova, Respublika Seysmoloji Xidmət Mərkəzinin kiçik elmi işçisi Nərminə İsmayılova, MBBİ-nin kiçik elmi işçiləri – Elnarə Sadıqova, Səidə Zülfüqarova və Zoologiya İnstitutunun kiçik elmi işçisi Nərmin Beydizadə AMEA-nın Fəxri Fərmanları ilə təltif olunublar.
Azvision.az
Teqlər: AMEA