Fikrət Məmmədov Kral Salmanla görüşüb

Fikrət Məmmədov Kral Salmanla görüşüb
  05 Fevral 2019    Oxunub:1960
Azərbaycanda İslam və ərəb dünyası ilə ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilir, Səudiyyə Ərəbistanı Krallığı ilə müxtəlif, o cümlədən hüquqi sahədə səmərəli əməkdaşlıq həyata keçirilir.
Krallığın hüquqşünaslarından ibarət geniş tərkibli nümayəndə heyətləri Azərbaycana səfərlər edib, ölkəmizin məhkəmə-hüquq islahatlarına və müsbət təcrübəsinə maraq göstərilib. Həmçinin ötən il Krallığın ədliyyə naziri müavininin respublikamıza səfəri zamanı iki nazirlik arasında əməkdaşlıq haqqında hazırlanmış Anlaşma Memorandumunun layihəsi razılaşdırılıb.

Həmin sənədin imzalanması məqsədilə Səudiyyə Ərəbistanı Krallığı ədliyyə nazirinin dəvətinə əsasən, Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və Ədliyyə Nazirliyinin məsul şəxslərindən ibarət nümayəndə heyəti bu günlərdə Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

Səfər zamanı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə əməkdaşlığın inkişafının Səudiyyə Ərəbistanı üçün prioritet olduğunu bildirən Kral hökumətlərarası komissiyanın səmərəli fəaliyyətini məmnuniyyətlə qeyd edib. Kral Salman bin Əbdüləziz Al Səud bu səfərin ikitərəfli əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyini, habelə ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiyini vurğulayaraq, regionda sülhün bərqərar olmasında maraqlı olduğunu bildirib.

Ədliyyə naziri Fikrət Məmmədov yüksək diqqətə görə minnətdarlığını bildirərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məktubunu və salamlarını çatdırıb. Nazir iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafını qeyd edərək ədliyyə orqanları arasında da əlaqələrin genişləndirildiyini, habelə ölkəmizdə Krallığın zəngin tarixinə və qədim mədəniyyətinə böyük maraq göstərildiyini vurğulayıb.

Kral Salman bin Əbdüləziz Al Səud Azərbaycanın dövlət başçısına salamlarına görə təşəkkürünü bildirib, onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri ilə görüş keçirilərək ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun siyasi iradəsi vurğulanıb. Həmçinin qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunub, hər iki dövlətin ədliyyə və məhkəmə sistemləri, Məhkəmə-Hüquq şuralarının fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Səudiyyə Ərəbistanının ədliyyə naziri Şeyx Dr. Valid bin Muhammad Al-Samaani respublikamızın sürətli tərəqqisi barədə məlumatlı olduğunu bildirib, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarına və tətbiq olunan innovasiyalara, xüsusilə “Elektron məhkəmə” və “Elektron notariat” informasiya sistemlərinin fəaliyyətinə, vətəndaşlara səyyar və məsafədən notariat xidmətlərinin göstərilməsinə, yenicə işlənilmiş mobil notariat proqramının tətbiqinə böyük maraq göstərərək təqdir edib, bu sahədə ölkəmizin təcrübəsi ilə tanış olmaq barədə niyyətini bildirib.

Sonra nazirliklər arasında ədliyyə və məhkəmə sistemlərinin müasirləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, elektron ədliyyə, elektron məhkəmə, ədliyyə işçilərinin və hakimlərin tədrisi və digər sahələrdə birgə tədbirlərin keçirilməsini nəzərdə tutan əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Nazirlər bu mühüm sənədin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolunu qeyd edərək, müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin genişlənəcəyinə əminliklərini bildirib, bu sahədə konkret tədbirlər barədə razılığa gəliblər.

Həmçinin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Ali Məhkəməsinin sədri və baş prokuroru ilə görüşüb. Söhbət zamanı ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, elektron məhkəmənin tətbiqi, hakimlərin seçimi və tədrisi müzakirə edilib, ikitərəfli əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərilib, təcrübə mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanının ən böyük məhkəmələrindən olan, 70-ə yaxın hakimin çalışdığı Ər-Riyad Cəza Məhkəməsinə baş çəkib, onun fəaliyyəti ilə tanış olub. Nümayəndə heyəti üçün məhkəmədə elektron texnologiyaların tətbiqinə dair təqdimat keçirilib.

Bundan başqa, Səudiyyə Ərəbistanının bölgələrinə səfər edilərək yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə tanışlıq həyata keçirilib.

Keçirilən bütün görüşlərdə Səudiyyə Ərəbistanı rəhbərliyinin tapşırığına əsasən, respublikamızla əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi və müsbət təcrübələrin bölüşülməsi ilə bağlı niyyət ifadə olunub. Habelə son illər Azərbaycana səfər edən ərəb turistlərinin sayının artmasının ölkəmizə göstərilən böyük marağın təzahürü olduğu vurğulanıb. Nümayəndə heyətimiz tərəfindən müasir ədliyyə fəaliyyətinə, məhkəmə-hüquq islahatlarına və tətbiq olunan yeniliklərə, habelə Azərbaycanda Səudiyyə Ərəbistanının tarixindən və mədəniyyətindən bəhs edən elmi tədqiqatlara dair xüsusi broşürlər təqdim edilib.

Həmçinin həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20 faizinin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilib. Səudiyyə Ərəbistanı Krallığının münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəkləməsi təqdir olunub.

Tədbirlərdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev iştirak edib.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Fikrət-Məmmədov  





Xəbər lenti