ABŞ-la Cənubi Koreya hərbi xərclərə dair razılığa gəldi

ABŞ-la Cənubi Koreya hərbi xərclərə dair razılığa gəldi
  05 Fevral 2019    Oxunub:2236
Vaşinqtonla Seul Cənubi Koreyada yerləşən amerikalı hərbçilərin saxlanılması üçün çəkilən xərclərin bölüşdürülməsi barədə razılığa gəliblər.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

“ABŞ və Koreya Respublikası Amerika qoşunlarının Asiya ölkəsində yerləşməsinə çəkilən xərcləri bölüşmək barədə “prinsipcə” razılığa gəliblər. Hər iki tərəf digər texniki problemləri mümkün qədər tez bir zamanda həll etməyə çalışacaqlar” – bəyanatda vurğulanır.

Əldə olunmuş razılığa əsasən, Cənubi Koreya ABŞ qoşunlarının saxlanılması üçün ayrılan maliyyə vəsaitini 1 milyard dollarədək artıracaq.

“Yonhap” agenliyi isə bildirir ki, tərəflərin hərbi xərclərlə bağlı yeni sazişi bu həftə imzalayacaqları gözlənilir.

Qeyd edək ki, Cənubi Koreyadakı 28,5 minlik ABŞ qoşununun maliyyələşməsinə dair Vaşinqtonla Seul arasındakı 5 illik müqavilənin müddəti 2018-ci ilin 31 dekabr tarixində bitib. Həmin müqavilə ilə Cənubi Koreya amerikalı hərbçilərin saxlanılması üçün illik 848 milyon dollar vəsait ödəyirdi. Lakin ABŞ prezidenti Donald Tramp hələ ötən ilin əvvəlindən bəyan edirdi ki, Seul xərcləri ikiqat artırmalıdır. Cənubi Koreya hökuməti isə bu tələblə razılaşmırdı. Nəticədə, ötən ilin martından etibarən aparılan danışıqların 10 raundunun heç birində hansısa anlaşma əldə olunmadı. Seula təzyiqləri gücləndirmək üçün Pentaqon bildirib ki, əgər aprelin ortalarınadək razılıq əldə olunmazsa, onda Cənubi Koreyadakı ABŞ hərbi bazalarında işləyən 8700 koreyalını işdən qovacaqlar. Çünki Seulun ABŞ qoşunlarının saxlanılmasına ayırdığı vəsaitin 70%-i amerikalı hərbçiləri inzibati, texniki və digər xidmətlərlə təmin edən həmin koreyalı işçilərə xərclənir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Koreya   Pentaqon   ABŞ  





Xəbər lenti