Aytən Səfərova: `Mən qadınam, qabyuyan yox` - MÜSAHİBƏ

Aytən Səfərova: `Mən qadınam, qabyuyan yox` - MÜSAHİBƏ
  12 Noyabr 2013    Oxunub:3326
“Azvision.az” saytının həmsöhbəti ANS-in “Salam Azərbaycan” verilişinin aparıcısı Aytən Səfərovadır. Yəqin çoxlarınız onun yumor hissinə “Kökaltı” verilişindən bələdsiniz. Bizimlə söhbətində də o, zarafatlarından qalmayıb.
- Özünüzü peşəkar jurnalist hesab edirsinizmi?
- Bu haqda mənim nəsə deməyim düz deyil. Bunu məndən də peşəkar olanlar və tamaşaçılar deməlidir.

Deyirsiniz ki, jurnalistika uşaqlıq arzum olub. Başqa hansı arzularınız olub uşaqlıqda?
- Uşaqlıqda istəyirdim stüardessa və ya şüşə ustası olum. İndiyədək arzumdur şüşənin içində canlı guşə əbədiləşdirim. Xrustala bürüyüm.

- Deyəsən, həm xəyalpərəst, həm də romantik birisiniz. Elədir?
- Elədir ki, var! Romantik olmayan qadın, qadın deyil məncə. Robot olmaq nəyə lazımdır?

- Yeniyetməlik illərində və yaxud elə indi şeir filan yazmamısınız?
- Şeir yazırdım arada. Amma məndə daha çox rəssamlıq, qrafikaya meyl özünü biruzə verirdi. Şeirləri indi də xoşlayıram, amma Mirzə Cəlil üslubunda. Yəni ki, ciddi mövzuları satira ilə çatdırmaq. Hərdən şeir yazmaq üçün təbim də gəlir, amma çox məşğul olduğumdan qeyd eləmirəm. Oturub qəsdən şeir yazmaqsa məndə çətin alınır.

- Sevgi sarıdan bəxti gətirənlərdənsiniz?
- Həyat hələ ki, davam edir. Sevgiyə gəldikdə, şükür, şikayətim yoxdur.

- Bəs nədən şikayətiniz var?
- Vaxt çatışmazlığından, gərginlikdən. Xüsusilə yollarda olanda. İcra orqanlarından, hansılar ki, adi camaatın gedib-gəldiyi yollara baxmırlar, asfaltlamırlar, işıq salmırlar. Əksəriyyəti yalançıdır.

- Məktəb vaxtı kökaltı ilə bağlı probleminiz olmayıb ki?
- Məktəb vaxtı yaxşı oxumuşam. Rusiyada yaşayanda uşaqlar arasında buna görə hörmətim var idi. Azərbaycana gələndə isə tamam başqa xüsusiyyətlər gördüm. Əlaçı olmağım çoxunun vecinə deyildi. Burada uşaqlar varlı və kasıb ailələrdən olduqlarına görə bölünürdülər. Uzun müddət iyrənirdim. Heç kimlə calışırdım dostluq etməyim.

- Müəllimlər sizi tez-tez kökaltına salırdı?
- Əksinə. Müəllimlər məni çox istəyərdi. Amma bir şeyi xüsusi vurğulamaq istəyirəm. Qəribədir, bütün sinfin zəhləsi getdiyi müəllim mənim ən sevimli müəllimimə çevrilirdi. Bu, qəsdən və ya kiməsə acıq vermək üçün deyildi. Sadəcə, xasiyyətim belədir ki, o müəllimdə mən başqalarının görmədiyi müsbət xüsusiyyətləri görürdüm. Mən də tədricən onun sevimli şagirdlərindən birinə çevrilirdim və ya əksinə, bütün sinfin xoşu gələn müəllimə mən neytral qalırdım.

- Sizi bu qədər zaman ərzində ANS-də saxlayan qüvvə nədir?
- ANS-in cazibə qüvvəsi. ANS məktəbdir. ANS, hardasa, əgər belə demək olarsa, ata evidir. ANS ailəmdir, adımdır. AytəN Səfərova. Özüm kəşf eləmişəm bunu. Nəhayət, ANS döyüş meydanıdır. Döyüş meydanını isə əsgər tərk etməməlidir, pula görə başqa səngərə keçməməlidir. Sonadək komandirin əmrini yerinə yetirməlidir. Axı biz müharibə şəraitində olan ölkədə yaşayırıq və bizim arxa cəbhədə yığdığımız bu döyüş təcrübəsi ön cəbhədə döyüş başlayanda lazım olacaq. Onda kimsə "şok, şok, şok" müğənni xəbərləri və camaatı ağladan teatrallaşdırılmış şouları ilə, ANS isə xəbərdə güclənmiş komandası ilə düşmənə qarşı çıxacaq.

- Onda belə çıxır ki, ANS-i dəyişən həmkarlarınız "Ata evi"ni pula dəyişiblər?
- ANS-i dəyişənlərin katibəsi və ya prodüsseri deyiləm və onların əvəzinə cavab vermək mənlik deyil. Hərə özünə cavabdehdir.

- Kökaltına saldığınız qonaqlarınızdan inciyən olub?
- İncidən də olub, inciyən də. Birincilər də, ikincilər də biliklərinin və dünya görüşlərinin az olmasından belə ediblər.

- Yadda qalan maraqlı bir hadisə var?
- Ən yaddaqalan dialoqu deyə bilərəm. O da gitaraçı Rəmişlə kişilikdən danışanda. O qədər söz demişdi orada. Bir də Mirşahinlə dialoqu xüsusi vurğulamaq istəyirəm. Hər cavabı dərrakəli, ağır və satirik idi.

- Etiraf edirsiniz ki, adlarını çəkdiyiniz şəxslər sizi kökaltına sala bilib?
- Bəli, etiraf edirəm.

Bəs bu fikirlə razılaşırsınız ki, uzun müddət “Xəbərçi” informasiya proqramını aparmaqla potensilalınız üzə çıxmayıb?
- Xeyr, razı deyiləm. Xəbərçidə olanda xəbər potensialım ozünü göstərə bildi. Ona görə də indiyədək mən bir çox insanın yadında qalmışam. Elə aparıcılar var ki, illərlə, aylarla xəbər verilişlərini aparıblar, indi heç kimin yadına da düşə bilmirlər. Amma xəbər verilişi elədir ki, orada sırf materialı təqdim edirsən, vəssalam. “Kökaltı”nda isə bütünlüklə nəyə qadir olduğumu ortaya qoydum. İndiki veriliş isə hər ikisinin sintezidir. Söhbət hər səhər ANS TV-də efirə gedən “Salam Azərbaycan” layihəsindən gedir.

- “Xəbərçi” proqramından sonra bir ara efirə fasilə verdiniz. Bu, nə ilə bağlı idi?
- Analıq məzuniyyəti ilə.

- Neçə övladınız var?
- Bir qızım var.

- İşlərin çoxluğu ev işlərini görməyə mane törətmir?
- Mən qadınam, qabyuyan yox. Çalışıram hər şeyi vaxtında edim. Ən əsas - analıqdır.

Kilolu olmanızdan nə vaxtsa kompleks keçirmisiniz?
- Xeyr. İnsanı çəkisinə görə qəbul edən insanların böyük kəllələrinin içində mini beyni olanlardır. Kəllələrinin içindəki beyni balaca, ağıllarının çəkisi isə azdır.

- Bəs nə vaxtsa dieta saxlamısınız?
- Xeyr.

Ukraynalı jurnalistdən həm də öz heyfinizi alırdınız?
- Ukraynada olanda mən şokda idim. Birincisi, onlarda üç mən boyda qadınlar az deyildi. Digər tərəfdən, ukraynalı qızlar müəyyən yaşadək çox gözəldilər, sonra isə qəfil qocalmırlar sanki. Soruşanda dedilər ki, səbəbi – məktəb illerindən cinsi həyata başlamaları, çoxlu siqaret çəkib spirtli içkilər qəbul etmələri və çoxlu donuz əti yemələri imiş. Mən çox şadam ki, bizim qadınların çoxu kök olsalar da, yaşlandıqca üzlərində nə qədər nur olur. Bir də ki, bizim qizlar kök olsalar da, ismətlərini qoruyurlar.

Səbinə Məmmədova
AzVision.az



Teqlər:





Xəbər lenti