Gülər Əhmədova: `Kişilərə üzümü tutub deyirəm ki...

Gülər Əhmədova: `Kişilərə üzümü tutub deyirəm ki...
  12 Noyabr 2013    Oxunub:1230
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi davam etdirilib. Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədova çıxış edib.

O, bir il 2 aydır ətrafında şər-böhtan nəticəsində həbsdə olduğunu deyib: “Kişilərə üzümü tutub birinci və axırıncı dəfə açıqlama verirəm. Elşadın iddia elədiyi kimi, bizim mandat alveri söhbətimiz olmayıb. Orada heç bir vəzifəli şəxsin adı çəkilməyib. Vaxt gələcək, görəcəksiniz ki, mən deyənlər düz idi. Elşadın qurbanlarının sayını mətbuata ötürəcəyəm. Mən sizdən xahiş edirəm, haqqımda yalan şeylər yazmayın. O, mühacir adı almaq istəyir. Təəssüf ki, onu buraya gətirə bilmirlər. Mən buradan çıxandan sonra onu Fransada tapıb məhkəməyə verəcəyəm, həbs etdirəcəyəm. Sevincin ailəsini o maliyyələşdirir. Lakin mən onun təhdidlərinə əyilən deyiləm. Mənim haqqımda proqnoz verməyin. Sizə söz verirəm, ölməyəcəyəm. Mən Sevinc deyiləm. Onun maskasını yırtacağam”.

Daha sonra prosesdə Sevinc Babayevanın bacısı Vəfa Babayeva ifadə verib. Şahid bildirib ki, bacısı Gülər Əhmədova ilə toyuq kababı yeyib, ondan sonra zəhərləndiyini deyib: "Ondan sonra Sevincin vəziyyəti yaxşılaşmadı. Həkimlər deyirdilər, dərdinin nə olduğunu bilmirlər”.

Sonra V. Babayeva sualları cavablandırıb. Bildirib ki, Gülərlə Sevincin rəfiqə olduqlarını barədə məlumatı olub: “Sevinc zəhərlənən vaxt dedi ki, Elşadla Gülərin pul söhbəti olub, ona görə küsüblər, lakin artıq barışıblar. Türkiyəyə gedəndən sonra isə zəng elədi. Dedim bu, nə məsələdir, niyə bizi biabır elədin? Səni televizorda göstərirlər. O da dedi ki, bir oyundur, düşüb. Dedi ki, mənə heç nə olmaz, Gülər arxamda dayanıb”.
Proses davam edir.

Prosesdə Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədov ifadə verib. O bildirib ki, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir: “Mənim ölkədən çıxışıma qadağa, bank hesabıma həbs qoyublar, kitabxanamı möhürləyiblər, Elşadı tapa bilmirlər, əvəzini bizdən çıxırlar. Elşad Abdullayev mənim hesabıma yaşayıb, mən onun hesabına yox... Video çəkiliş aparılan ofis mənim adıma olsa da, mənim o ofislə heç bir əlaqəm olmayıb. Elşad Abdullayev yaramazdır”.

Sonra Gülər Əhmədova şahidə sual verib: “Mənim bir ağsaqqal kimi Sizə hörmətim var. Bilirəm ki, Elşad da, onun nəsli də Sizin qarşınızda diz çökürdülər, sizə hörmət edirdilər. Elşad Abdullayevin Azərbaycan vurduğu ziyanı heç ermənilər vurmayıb. Nə üçün Elşad Abdullayevi bu cür əməllərdən çəkindirmədiniz?”

H. Əhmədov G. Əhmədovaya cavabında bildirib ki, E. Abdullayevin qohumları imkan verməyiblər ki, ona qulaq assın.

Daha sonra prosesdə G. Əhmədovanın vəkili Əfsər Talıbov vəsatət qaldırıb. Vəkil bildirib ki, prosesdə dindirilən şahidlərin verdiyi ifadələrlə istintaqa verdiyi ifadələr arasında ziddiyyətlər var. O, müstəntiq Emzar Qocayev istintaqı bərbad apardığı üçün prosesdə suallara cavab verməsini istəyib. Qaldırılan vəsatət təmin edilməyib.

Proses noyabrın 14-də davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir. (apa)


Teqlər:  





Xəbər lenti