Koçaryan həbsdə qaldı

  07 Fevral 2019    Oxunub : 1025
Koçaryan həbsdə qaldı
Bu gün Ermənistanın Cinayət Apellyasiya Məhkəməsi ölkənin ikinci prezidenti Robert Koçaryanın vəkillərinin şikayətini rədd edərək, onun həbs müddətinin 2 ay uzadılmasına dair birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişməz olaraq saxlayıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bununla da vəkillərin sabiq prezidenti girov müqabilində zaminə çıxarmaq cəhdləri növbəti dəfə baş tutmayıb.

Qeyd edək ki, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Koçaryan iyulda saxlanılsa da, apellyasiya şikayətindən sonra azad edilib.

15 noyabrda isə Ermənistanın Kassassiya Məhkəməsi Koçaryanın işi üzrə apellyasiya qərarının ləğvi və sabiq prezidentin təkrar həbsi ilə bağlı prokurorluğun şikayətini qismən təmin edərək işi yenidən apellyasiya məhkəməsinə göndərib. 27 noyabrdan etibarən baş prokuror Artur Davtyan daxil olmaqla, 6 prokurorun iştirakı ilə işə baxılıb.

Davtyan bildirib ki, Koçaryan 2008-ci ildə İrəvanda baş verən dövlət terrorunun ideya müəllifidir və təcili şəkildə azadlıqdan məhrum olunmalıdır. Nəhayət, Apellyasiya Məhkəməsi 7 dekabrda çıxardığı son qərarla prokurorluğun şikayətini təmin edib və Koçaryan yenidən həbs olunub. 18 yanvarda isə məhkəmə Ermənistan Xüsusi İstintaq Xidmətinin şikayətini təmin edib və Koçaryan barəsində həbs qətimkan tədbirini daha 2 ay müddətinə uzadıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan