Kaşoqinin qətlinə dair araşdırmanın nəticəsi açıqlandı

  07 Fevral 2019    Oxunub : 1607
 Kaşoqinin qətlinə dair araşdırmanın nəticəsi açıqlandı
Birləşmiş Millətlər Təşkilatı (BMT) səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin qətli ilə əlaqədar beynəlxalq araşdırmanın nəticələrini açıqlayıb.
Azvision.az -ın məlumatına görə, hesabatda bildirilib ki, Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi əvvəlcədən planlaşdırılıb.

"Kaşoqi cinayəti səudiyyətli nümayəndələr tərədindən planlı şəkildə həyata keçirilib. Səudiyyə Ərəbistanı qətlin araşdırılmasına ciddi cəhdlə mane olub", - deyə hesabatda vurğulanıb.

Xatırladaq ki, ötən il oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, Səudiyyə ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ciddi tənqidçisi və onun Yəməndə kimyəvi silah tətbiqinə dair araşdırma aparan Camal Kaşoqi ailə qurmağa hazırlaşarkən sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib.

Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Lakin indiyədək jurnalistin cəsədinin qalıqlarının harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan yalnız 11-i həbs olunaraq məhkəmə qarşısına çıxarılıb.

Azvision.az

Teqlər: Kaşoqi