ABŞ apreldə Suriyadan tamamilə çıxacaq

  08 Fevral 2019    Oxunub : 1194
 ABŞ apreldə Suriyadan tamamilə çıxacaq
ABŞ prezidenti Donald Tramp administrasiyası Suriyanın şimalındakı kürd silahlı birləşmələrinin müdafiəsi üçün hər hansı bir plan qurulmasını gözləmədən aprelin sonunadək Amerika qoşunlarının Suriyadan çıxarılması prosesini tamamlayacaq.
Azvision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti Tramp administrasiyasındakı rəsmi mənbələrinə istinadən yazıb.

Mənbələrin sözlərinə görə, yaxın bir neçə gün ərzində İŞİD-in nəzarətindəki son ərazilər də geri alınacaq və artıq bundan sonra ABŞ-ın Suriyadakı qoşunlarının diqqəti yalnız tamamilə geri çəkilmək prosesinə yönələcək.

Əgər planda dəyişiklik olmasa, ABŞ qüvvələrinin böyük bir qisminin martda çıxacağı, qalan hissəsinin isə aprelin sonunadək Suriyanı tərk edəcəyi bildirilib.

Həmçinin vurğulanıb ki, Suriyanın şimalındakı kürd silahlılarının müdafiəsi mövzusunda Vaşinqton Ankara ilə danışıqlar aparıb, lakin bu məsələdə hansısa razılıq əldə olunmayıb. Odur ki, ABŞ Suriyanı kürdlərin müdafiəsini təşkil etmədən və bununla bağlı Türkiyədən zəmanət almadan tərk edəcək.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Suriya   Türkiyə   ABŞ   YPG