1504 tələbə universitetini dəyişmək istəyir
Orta ixtisas təhsil müəssisələrindən köçürülmək istəyənlərin sayı isə 316 nəfər təşkil edir.
Hazırda köçürülmək və təhsil alma formasını dəyişmək istəyən tələbələrin müraciətlərinə baxılır. Nəticələrin fevralın sonunadək açıqlanması nəzərdə tutulur.
Qeyd edək ki, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.
Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.
Azvision.az
Teqlər: Təhsil Universitet Köçürülmə