Türkiyədən Səudiyyəyə qarşı daha bir ittiham
“Ötən 4 ay ərzində Səudiyyə rəsmiləri türkiyəli həmkarları və beynəlxalq ictimaiyyətlə münasibətlərində dürüst olmayıblar. Səudiyyə rəhbərliyi ədalət işinə xidmət etməyə hazır olduğunu sübut etmək üçün Kaşoqinin qatillərini əvvəlcədən planlaşdırılmış bu cinayəti törətdikləri ölkəyə - Türkiyəyə ekstradisiya etməlidir. Dünya bu işi izləyir. Türkiyə demokratiya və azadlığa inanan bütün xalqlarla birlikdə ədalət və həqiqət axtarır” - Ərdoğanın köməkçisi vurğulayıb.
Fəxrəddin Altun onu da xüsusilə bildirib ki, səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin qətli üzrə Türkiyənin apardığı istintaq zamanı əldə olunan nəticələr BMT-nin apardığı beynəlxalq təhqiqatın nəticələri ilə uyğunluq təşkil edir.
Qeyd edək ki, ötən gün BMT jurnalist Camal Kaşoqinin qətli ilə əlaqədar beynəlxalq araşdırmanın nəticələrini açıqlayıb. Hesabatda qeyd olunub ki, “Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda törədilən Kaşoqi cinayəti səudiyyətli nümayəndələr tərəfindən planlı şəkildə həyata keçirilib. Səudiyyə Ərəbistanı qətlin araşdırılmasına ciddi cəhdlə mane olub.”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kaşoqinin qətlinə Səudiyyə kral ailəsinin yüksək vəzifəli şəxslərinin əmr verdiyini bildirmişdi. ABŞ Senatı isə Amerika kəşfiyyatının əldə etdiyi ciddi dəlillərə əsaslanaraq, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Kaşoqi qətlində birbaşa əli və cavabdeh olmaqda günahlandıran qətnamə qəbul edib. Lakin rəsmi Ər-Riyad ittihamları indiyədək rədd edir. Hazırda Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan yalnız 11-i həbs olunaraq məhkəmə qarşısına çıxarılıb və 5-nə edam cəzası istənilib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Səudiyyə Türkiyə ABŞ BMT