Ermənistanın Suriyaya hərbi missiya göndərməsi etiraza səbəb oldu

Ermənistanın Suriyaya hərbi missiya göndərməsi etiraza səbəb oldu
  08 Fevral 2019    Oxunub:3887
Ermənistan ordusunun tibbi heyət və hərbçilərdən ibarət 83 nəfərlik qrupu humanitar yardım üçün bu gün Rusiyanın köməyilə Suriya Ərəb Respublikasına yola düşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bəyan edib.
Azvision.az xəbər verir ki, Ovannisyan Ermənistan hökumətinin Suriyaya humanitar hərbi mütəxəssis dəstəyi göndərmək barədə qərarı ərəb ölkəsindəki ağır humanitar vəziyyət, BMT Təhlükəsizlik Şurası qətnamələri və Hələbdə çoxsaylı erməni diasporunun olmasına əsaslanaraq verdiyini bildirib.

Lakin bu bəyanata dərhal reaksiya verən erməni politoloq və siyasi xadimlərinin açıqlamalarından aydın olub ki, rəsmi İrəvanın Suriyaya hərbi missiya göndərməsi tamamilə beynəlxalq hüquqa və Ermənistan qanunlarına zidd şəkildə, məhz Rusiyanın təzyiqilə baş tutub.

Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan bəyan edib ki, baş nazir Nikol Paşinyanı erməni hərbçilərin taleyi ümumiyyətlə maraqlandırmır və onlardan sadəcə kimlərinsə təzyiqindən qorunmaq üçün qalxan kimi istifadə edir.

Aşotyanın sözlərinə görə, hərbi missiya göndərilməsi ilə bağlı Suriya hakimiyyətinin rəsmi müraciəti yoxdur, əks halda Paşinyan hökumət onu ictimaiyyətə açıqlayar və bu barədə məlumat verərdi.

“Parlamentdə mən bir neçə dəfə Nikol Paşinyandan soruşaraq tələb etmişdim ki, Suriyaya hərbçilərin göndərilməsi prosesi Ermənistan qanunvericiliyinə uyğun olaraq təşkil edilsin və bizim hərbçilərimizin hüquq və təhlükəsizliklərinə zəmanət təmin edilsin. Amma bu gün Müdafiə Nazirliyi bəyan edir ki, bizim hərbi qrupumuz artıq Suriyadadır. Paşinyan özünün şəxsi mənafeyi və siyasi maraqlarından çıxış edərək kobud şəkildə qanunları pozub. Mən Paşinyana sual verirəm: niyə qanun pozulub və Ermənistan hərbçiləri müvafiq beynəlxalq müqavilə olmadan Suriyaya göndərilib? Suriyadakı hərbçilərimizin hüquqları necə təmin olunur?”, deyə Aşotyan bəyan edib.

Digər erməni siyasətçilər isə hökumətin bu qərarını daha hiddətlə qarşılayıblar. Bildiriblər ki, müharibə şəraitində olan Ermənistanın öz ordusunda döyüşmək üçün kifayət qədər əsgər tapmadığı halda, Rusiyanın təzyiqi ilə Suriyaya hərbçi göndərməsi qətiyyən yolverilməzdir.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Pavel Felqenhauer və digər tanınmış hərbi ekspertləri Ermənistanın Suriyaya humanitar hərbi missiya göndərmək qərarını son zamanlar ikitərəfli münasibətlərdəki gərginlik fonunda Paşinyan hökumətinin Moskvanın xoşuna gəlmək cəhdi adlandırmışdılar. Onların sözlərinə görə, İrəvanın bu addımı Qərbin Ermənistanla münasibətlərinə ciddi şəkildə təsir edəcəyinə rəğmən, Paşinyan öz hakimiyyətini möhkəmləndirmədən Rusiyaya qarşı çıxmaqdan qorxduğu üçün bu addımı atmağa məcbur olub. ABŞ prezidenti Donald Tramp administrasiyası isə bununla bağlı narazılığını artıq çoxdan rəsmi kanallar vasitəsilə İrəvana çatdırıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   Suriya   ABŞ   Rusiya  





Xəbər lenti