Merkel: “Suriyada sülhdən hələ çox uzağıq”

  08 Fevral 2019    Oxunub : 1180
Merkel: “Suriyada sülhdən hələ çox uzağıq”
Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Donald Trampın verdiyi bəyanatların əksinə olaraq bildirib ki, İŞİD hələ məğlub edilməyib və əksinə, vaxtilə Suriyada nəzarət etdiyi böyük əraziləri itirdikdən sonra İŞİD terrorçuları asimmetrik döyüş qüvvəsinə çevrilir.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Merkel bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (xarici kəşfiyyatla məşğul olan struktur) Berlindəki baş qərargah binasının açılışında deyib.

“İŞİD bir zamanlar əldə saxladığı ərazilərdən, nəhayət ki, çıxarılıb. Amma təəssüf ki, bu, İŞİD-in yoxa çıxdığı anlamına gəlmir. O, asimmetrik hərbi gücə çevrilir və bu, əlbəttə ki, böyük təhdiddir. Biz Suriyada sülhə nail olunmasından hələ çox uzaqdayıq” – Merkel vurğulayıb.

Xatırladaq ki, ötən ilin dekabrında Tramp Suriyada İŞİD-in məhv edildiyini bəyan etmişdi. ABŞ prezidenti 6 fevralda isə deyib ki, başçılıq etdikləri beynəlxalq koalisiyanın ən tezi gələn həftə İŞİD silahlılarının Suriyadakı sonuncu dayan nöqtələrini də ələ keçirdiklərini bəyan edəcəklərini gözləyir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İŞİD   Suriya   ABŞ   Almaniya