Qadın olmaq üçün nə qədər böyüməliyəm?...

Qadın olmaq üçün nə qədər böyüməliyəm?...
  08 Mart 2013    Oxunub:1695
Sevinc Fədai

...Bəlkə də, bu anormallıqdır. Amma mən hələ də özümü, sözün əsl mənasında, QADIN hesab edə bilmirəm. Bilmirəm bunun üçün nə qədər böyümək lazımdır.
Nə qədər böyümək lazımdır ki, hələ kiçik qızcığaz kimi bu bayram mənim üçün bir uşaqlıq sevinci olmaya. Nə qədər böyümək lazımdır ki, içindəki qadını duyaraq bu gün bütün kişilərə meydan oxuyub, özünü bu günün qəhrəmanı hiss edəsən. Bu gün sənin sözün keçməli, bu gün sənin arzuların reallaşmalı, bu gün sənin sənin günün olmalı... Olmur, vallah olmur...

...Hələ də məni ən xoşbəxt edən atamın sarılması, bir öpüşü olacaq, “balam” sözü olacaq, “qızım” sözü olacaq. Və dünyanın o ən gözəl, ən məhrəm öpüşü, o toxunuş məni kiçildəcək, kiçildəcək, kiçildəcək... zərrə edəcək. Mən böyüməyəcəm ki, Qadın olmayacam ki... Nə qədər ki Ata var, bir qızcığaz Qadın ola bilərmi?! Yəqin bu dünyada Qadın olanlar yalnız atasızlardı, lap 3 yaşından, 5 yaşından atasını itirsə belə... Qadın olmaq ağırdı, çətindi, hər adamın işi deyil. Hələ də bayram ərəfəsində gözü gəlinciklərin arxasınca baxan mənim də...

...Ancaq niyəsə ilk dəfədi belə hiss edirəm, məhz ANAM olduğu üçün bu günü bayram hesab edirəm və bütün anasızların ANA yoxluğunu içimdə duyuram. Bəlkə də, Qadın olmaq elə Ana olmaqdan başlayır. Bəlkə də, yalnız Analardı bu dünyanın əsl qadınları. Bəlkə də, bunun üçün Qadın kimi, Ana kimi doğulmaq gərək… Amma elə zənn edirəm ki, mən məhz o gün Qadın olacam. Məhz o gün, özümü dərk edəndən bəri içimdə cücərən arzumun gerçək olduğu gün...

Bu arzumu eşidəndə, “elə demə, Allaha ağır gedər” desələr də, bu diləyim üçün “başıxarab” olsam da, nə bilim daha nələr, nələr... Amma mən bir anasıza ana olduğum zaman Qadın olacam. Öz övladına ana olmaq İlahidən gələr, məncə... Amma onu da bilmirəm ki, öz övladına ana olmaya bilməyən bir qadının canına, qanına, ciyərparasına analıq etmək üçün nə qədər böyümək, BÖYÜK olmaq lazımdır. Yaşamaq yetməz, yaşımın üstünə yaş gəlməsi yetməz, çalışmaq yetməz, sevmək-sevilmək yetməz, dəyərli olmaq, güvənli olmaq yetməz. Ayaqlarının üstündə durmağı bacarmaq yetməz, yetmir... Bu da İlahidən gəlirsə, gəlsin artıq...

P.S. Ötən il də məhz bu gün “İçimdə olmayan Qadın”dan yazmışdım, deyəsən, hələ çox yazacam o var olmayan o Qadından, İlahidən mənə gələnəcən...


Teqlər:  





Xəbər lenti