İrəvan Dağlıq Qarabağla bağlı geri addım atdı

İrəvan Dağlıq Qarabağla bağlı geri addım atdı
  12 Noyabr 2013    Oxunub:1525
Dağlıq Qarabağın müstəqilliyini dəstəkləsək də tanınmanın zamanı olmadığını hesab edirik.
“Dağlıq Qarabağın de-yure tanınmaması Ermənistanın onunla bərabər hüquqlu münasibətlərinə mane olmur”. AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentində çıxışı zamanı Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçaryan söyləyib.“Ermənistan hesab edir ki, Dağlıq Qarabağın de-yure tanınması məqsədəuyğun deyil. Çünki Ermənistan de-fakto Dağlıq Qarabağ Respublikasını çoxdan tanıyıb. Onların arasında artıq bərabərhüquqlu əsaslarla təxminən 100 müqavilə bağlanıb”, – Ş.Köçaryan bildirib.

Onun sözlərinə görə, Minsk prosesi hesab edir ki, Ermənistan və Azərbaycan münaqişənin həllinə vahid yanaşma hazırlamalıdır:“Bundan sonra Dağlıq Qarabağ sülh müqaviləsinin tərtib edilməsində iştirak edəcək. Biz 2011-ci ildə Kazanda buna hazır idik, amma Azərbaycan bu prosesi yenidən kəsdi”.
Danışıqlar prosesində əsas məqsədin “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması olduğunu deyən xarici işlər nazirinin müavini bildirib ki, Dağlıq Qarabağın tanınmasında Ermənistan tək qalmamalıdır. O, Türkiyənin tanıdığı Şimali Kipri nümunə kimi göstərib.

***
“Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması Haqqında" qanun layihəsinin müəllifi olan Ermənistanın “İrs” Partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postançyan xatırladıb ki, qanun layihəsi ilk dəfə 2007-ci ildə təqdim edilib.

Hazırda “Dağlıq Qarabağ Respublikası”nın tanınmasının çox əhəmiyyətli olduğunu deyən Z.Postançyanın sözlərinə görə, “İrs” Partiyası hesab edir ki, qanun layihəsinin lehinə hamı səs verməlidir. O, qeyd edib ki, parlament Dağlıq Qarabağın indiyə qədər tanımadığına görə, arqumentlərini göstərməyib.

Qanun layihəsinin müəllifi qeyd edib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması başqa dövlətlərə bir siqnal olacaq: “Arqumentlərə gəlincə ki, Dağlıq Qarabağ tanınarsa müharibə yenidən başlayacaq. Sülh şəraitində yaşamağımıza baxmayaraq müharibə bu gün də var. Azərbaycan müharibəyə hazır deyil və Ermənistan bu vəziyyətdən istifadə etməlidir".

O, hakim Respublikaçılar Partiyasından olan bir çox millət vəkilinin müzakirələrdə iştrak etməməsindən təəssüfləndiyini bildirib.

Parlamentinin xarici münasibətlər üzrə komissiyanın sədri Artak Zakaryan isə çıxışında deyib ki, komissiya qanun layihəsini uzun müddət müzakirə etsə də müsbət nəticə verməyib. A.Zakaryan bildirib ki, hakimi partiya bu qanun layihəsinə səs verməyəcək. “Çünki hazırda Dağlıq Qarabağın tanınması məqsədəuyğun deyil. Bir halda ki, ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanma prosesi gedir", - Zakaryan qeyd edib.

Ermənistan Respublika Partiyası parlament fraksiyasının katibi Oyanes Saakyan isə bildirib ki, Dağlıq Qarabağın tanınması üçün yeni arqument yoxdur və Zarui Postançyan sadəcə olaraq bütün dünyaya parlamentin Dağlıq Qarabağın tanınmasına qarşı olduğunu göstərməyə çalışır. “Siz o vaxt fəallaşırsınız ki, Azərbaycan prezidenti Türkiyə prezidenti və ya baş naziri ilə görüşlər keçirir”, - O.Saakyan söyləyib.

***
Xarici münasibətlər üzrə parlament komissiyasının üzvü Aleksandr Arzumanyan komissiyada müzakirəsi zamanı qanun layhəsinin əleyhinə səs verdiyini deyib. O, fikrin dəyişmədiyini dilə gətirib.
"Daşnaksutyun" Partiyasının üzvü Armen Rüstamyan partiyanı təmsil edən deputatların qanun layihəsinin lehinə səs verəcəklərini qeyd edib.

Erməni Milli Konqresinin (EMK) parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib ki, fraksiya Dağlıq Qarabağın müstəqilliyini dəstəkləsə də tanınmanın zamanı olmadığını hesab edir. “Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması onu bildirəcək ki, Ermənistan danışıqlar prosesini pozur”, - L.Zurabyan vurğulayıb.

Nikol Paşinyan EMK-in fraksiya üzvü olmasına baxmayaraq, qanun layihəsinin lehinə səs verəcəyini bildirib.


Teqlər:





Xəbər lenti