Məşhur opera ifaçımızın ABŞ-da yaşayan rəssam nəvəsi

 Məşhur opera ifaçımızın ABŞ-da yaşayan rəssam nəvəsi
  12 Fevral 2019    Oxunub:9840
Üzeyir Hacıbəyovun "Səsi ürəkləri fəth edən qadın", deyə ictimaiyyətə təqdim etdiyi Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanovanı yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır. Bu gün sizə onun nəvəsi Lalə xanımdan söhbət açacağam. O, Kaliforniya ştatının Los Anceles şəhərində yaşayır.

Lalə Rəhimov(a) Moskvada dünyaya gəlib. Orta təhsilini orada başa vurub. 2000-ci ildə Kaliforniyanın Torrans şəhərində El Kamino Kollecində sənət tarixi ixtisasına yiyələnib. 2003-cü ildə Kalifornia İncəsənət İnstitutunda xarakterli animasiya üzrə bakalavr dərəcəsi alıb. 2009-cu ildə isə ştatın Long Beach şəhərindəki Kaliforniya Dövlət Universitetində gözəl sənətlər ixtisasi üzrə magistr dərəcəsinə yüksəlib. Amerika Birləşmiş Ştatlarının kiçik daşlar üzərində intalya oyma üsulu ilə rəsm çəkən təxminən on sənətkarı olar, ya olmaz. Sizə zarafat gəlməsin, əhalisinin sayı 330 milyona yaxın olan bu ölkədə Lalə xanım o sənətkardan biri kimi qəbul olunur və tanınır. Çox romantik, duyğusal xanımdır. Klassik üslubda olan hər bir sənət növünə yaxından bələd olmağa çalışır. Elə bu maraq da onu klassikaya bağlayıb. İntalya oyma üsulunu ona öyrədən müəllim isə bolqar əsilli Çavdar Çuşev olub. Lalə xanım klassik sənətkarların üslubunu bəyəndiyi üçün, onların texnikası ilə işləyir. 2011-ci ilə qədər online şirkəti üçün rəsmlər çəkib və bu şirkətin ərsəyə gətirdiyi böyük bir kitabın bütün illustrasiyaları onun əlinin zəhmətidir. Hal-hazırda ən böyük online şirkəti "Amazon.com"da həmin kitab satışdadlr. Tez-tez ABŞ-da, Rusiyada, Fransada, İngilitrədə çalışan zərgər və bərpaçı rəssamlar tərəfindən sifarişlər alır, o da intalya oyma üsulu ilə həmin sifarişləri icra edir. Çox hövsələ, diqqət tələb edən bu sənət növü həm də çox əzablı işdir. Deyir ki,- "2018 -ci ildə mənə intalya üsulu ilə oymaq üçün xeyli sifariş gəldi. İnanırsız, bilmirdim necə öhdəsindən gəlim. İşim o qədər çox idi ki, bütün günümü aparırdı". Lalə xanım həm də peşəkar rəssamdır. "Torrance İncəsənət Mərkəzi"ndə akvarel və yağlı boya ilə rəsm çəkmək dərslərini tədris edir. Kaliforniya ştatı ABŞ-ın havası ilboyu isti keçən ərazilərindən biridir. Burada demək olar ki, heç vaxt qar yağmır. Hərdən qar üçün darıxdığını söyləyir. Çox bacarıqlı xanımdır, intalya oyma üsulundan başqa, qələm, mürəkkəb, yağlı boya, akvarel, pastel və piksellə rəsmlər çəkir. Əsasən Barokko stilində kiçik daşlar üzərində təsviri heykəltəraşlıqla məşğul olur, eləcə də fusing, lehimləmə, zəncir toxuculuğu üzrə zərgərlik bacarıqları da var. Klassik animasiya, hekəyə təsviri, xarakter dizayni onun gördüyü işlərdəndir. Atası Cahangir Rəhimov Kaliforniyadakı müəssisələrdən birində mühəndis işləyir, anası Naira Rəhimova da mühəndisdir. Babası Kamal Rəhimovun 97 yaşı var. Amerikaya gələnədək, uzun illər Bakı şəhərində memar işləyib. Lalə Rəhimov(a) elə bil bu dünyanın adamı deyil, öz aləmi var, həmin aləmdə yaşayıb yaradır. Uşaqlıq illərində yayda Bakıya gələrkən Pirşağıdakı bağlarında olduğu vaxtları xatırlayır. Baxmayaraq ki, Moskvada doğulub və təxminən 16 yaşında Amerikaya köçüb, amma Xəzərin onun sənətinə böyük təsirinin oluduğunu deyir. Yanar dağa, Atəşgaha səfərlərini hələ də xatırlayır.  Bütün Avropanı gəzib, amma ən çox sevdiyi şəhərin Venesiya olduğunu söyləyir. Nənəsi Sona Aslanova ona ifaçılıq sənətini də öyrədib. Onunla bağlı xatirələrini bölüşərək deyir ki,- "Mənə opera ifaçılığını öyrədərkən, ən çox xoşuma gələn onun mənə ifadan əvvəl özümü hazırlamağımın vacibliyini vurğulaması idi. Təsəvvür edə bilməsiz, o, mənə ifaçılıq sənətini necə sevə-sevə öyrədirdi". Soruşanda, nə üçün ifaçı olmadınız, Lalə xanım- "Nənəm özü də məni buna məcbur etmədi. Hətta mənimlə məşğul olarkən nədənsə xoşu gəlməyəndə, əlini yellədib, "eh" deyə, gülürdü". O, həm də poliqlotdur. İngilis, rus, italyan dillərində sərbəst danışa, fransız, alman dillərində isə oxuya bilir. İspan, holland dillərini təzə-təzə öyrənir. Bir sıra mükafatlara layiq görülüb. 2000-ci ildə El Kamino Kollecinin "Akademik Mükafatı", 2001-ci ildə "Beverly Alpay Mükafatı", 2001-2003-cü illərdə Kaliforniya İncəsənət İnstitutunun "Merit Təqaüdü", 2006-cı ildə "CSULB Tələbə Araşdırma Təqdimatı Mükafatı" və 2007-ci ildə İtaliyada akademik işə görə "Müvəffəqiyyət Mükafatı"nı alıb. İllər ötəcək, inanırıq ki, Lalə Rəhimov(a) nənəsi Sona Aslanovadan da məşhur olacaq və onun adı Azərbaycan xalqına həmişə başucalığı gətirəcək. Elman Eldaroğlu, ABŞ, Miçiqan Azvision.az




Teqlər: ABŞ   Azərbaycanlı  





Xəbər lenti