Spiker imperatoru “cinayətkarın oğlu” adlandırdı

  13 Fevral 2019    Oxunub : 1363
 Spiker imperatoru “cinayətkarın oğlu” adlandırdı
Cənubi Koreya parlamentinin spikeri Mun Hi San Yaponiya imperatoru Akihitonu “müharibənin baş cinayətkarının oğlu” adlandıraraq, iki ölkə arasında ciddi qalmaqala səbəb olub.

Azvision.az xəbər verir ki, Yaponiya KİV-ləri Hi Sanın bu sözlərini “Bloomberg” agentliyinə verdiyi müsahibənin audio yazısına qulaq asarkən aşkar ediblər.
Bu ifadə ilə Cənubi Koreya parlamentinin spikeri Yaponiyanın indiki imperatorunun atası Hiroxitonun İkinci Dünya Müharibəsi zamanı törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıdığını nəzərdə tutub. Lakin Hiroxitonun hərbi cinayətkar kimi rəsmən tanınmadığı və müharibədən sonra da taxtda oturduğu, eləcə də, yaponların imperatora göstərdiyi xüsusi münasibətə görə koreyalı spikerin sözləri Yaponiyada təhqir kimi qarşılanıb.

Yaponiya xarici işlər naziri Taro Kono bu gün parlamentin iclasında çıxış edərək bildirib ki, “Yaponiya artıq beş dəfə Cənubi Koreyaya etirazını ifadə edib, amma hələ heç bir reaksiya yoxdur”.

Yaponiya baş naziri Şinzo Abe isə bəyan edib ki, Cənubi Koreya parlamenti spikerinin sözləri “nalayiqdir” və “yapon xalqının təəccübü və hiddətinə səbəb olub”.

Lakin rəsmi Tokiodan gələn qəzəbli reaksiyaya cavab olaraq Mun Hi San bəyan edib ki, Yaponiyanın iddialarını tamamilə başa düşmür və bununla üzr istəmək niyyətinin olmadığını göstərib.

Bundan əvvəl isə Mun Hi San bəyan etmişdi ki, Yaponiya imperatoru və ya baş naziri İkinci Dünya Müharibəsi illərində yapon hərbçilərinin Cənubi Koreya qadınlarına qarşı seksual zorakılıq etmələrinə və onların “təsəlli qadınları” kimi istifadəsinə görə şəxsən üzr istəməlidirlər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Yaponiya   CənubiKoreya