Tramp rəqib ölkəyə güzəşt vəd etdi

 Tramp rəqib ölkəyə güzəşt vəd etdi
  13 Fevral 2019    Oxunub:1475
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ticarət razılaşması üçün Çinə martın 1-dək verdiyi son möhlət tarixini bir qədər uzada bilər.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Tramp bunu Ağ Evdəki kabinet iclasında deyib. Lakin bildirib ki, son tarixin uzadılması mümkün olsa da, hələlik bunu etməyə hazırlaşmır və Çin lideri Si Tsinpinlə görüşərək ikitərəfli ticarət sazişini imzalamağa üstünlük verir.

“Əgər biz real saziş imzalamaq üçün anlaşmaya yaxınıqsa və buna nail olacağıqca, mən son möhlət tarixini bir qədər uzada bilərəm. Amma ümumilikdə danışsaq, hələ bunu etməyə meyilli deyiləm. Çinlə bağlı işlərimiz yaxşı gedir” – Tramp vurğulayıb.

Qeyd edək ki, Vaşinqton 90 gün ərzində Pekinlə əsas ticarət mübahisələrində razılıq əldə edilməzsə, Çin mallarına qoyulan 200 milyard dollarlıq gömrük rüsumlarını daha da artıraraq 10%-dən 25%-ə qaldıracağını bəyan edib. Çinə verilən 90 günlük möhlət martın 1-də başa çatacaq.

Tramp həmin vaxtadək çinli həmkarı ilə görüşməyəcəyini deyib. Mənbələr isə bildirir ki, martda ya Floridada, ya da Pekində Trampla Çin lideri Si Tsinpin arasındakı növbəti görüşün keçirilməsi gözlənilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Pekin   Çin   ABŞ  





Xəbər lenti