İspaniya parlamenti büdcə layihəsini rədd etdi

İspaniya parlamenti büdcə layihəsini rədd etdi
  13 Fevral 2019    Oxunub:1371
Bu gün keçirilən iclasda İspaniya parlamenti 2019-cu maliyyə ili üzrə hökumətin təqdim etdiyi büdcə qanun layihəsini rədd edib. Bununla da, baş nazir Pedro Sançezin apreldə erkən parlament seçkiləri elan etməsi üçün yol açılıb.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, deputatların 191-i qanun layihəsinin əleyhinə, 158-i lehinə səs verib. Biri isə bitərəf qalıb. Hökumətin büdcə layihəsinə katalonlar, mərkəz-sağçılar və mühafizəkarlar qarşı çıxıblar.

“Bu səsvermə onu göstərdi ki, bu ölkədəki sağçılar sosial inkişafın qarşısını almaq niyyətindədir” – İspaniyanın maliyyə naziri Mariya Xesus Montero bildirib.

Mühafizəkar Xalq Partiyasının lideri Pablo Kasado isə deyib ki, büdcə səsverməsinin nəticəsini baş nazir Pedro Sançesin hökumətinə qarşı faktiki etimad səsverməsi kimi qiymətləndirmək lazımdır.

Hökumətdəki və Sançesin hakim Sosialistlər Partiyasındakı mənbələrin sözlərinə görə, büdcə layihəsi rədd edildikdən sonra baş nazir 14, yaxud 28 apreldə erkən parlament seçkilərinin keçirilməsinə çalışacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İspaniya  





Xəbər lenti