Yaxın Şərqdə yeni əməkdaşlıq erası başlayır

  14 Fevral 2019    Oxunub : 1060
 Yaxın Şərqdə yeni əməkdaşlıq erası başlayır
Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsi üzrə yeni əməkdaşlıq erası başlayır. Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo Polşada keçirilən “Yaxın Şərqdə sülh və təhlükəsizlik məsələləri üzrə nazirlərin beynəlxalq konfransı”nda çıxış edərkən deyib.
İranı ayrıca olaraq tənqid etməkdən qaçan Pompeo, ümumilikdə, Suriya, İran, Yəmən, İsrail-Fələstin və digər regional çağırışlarla mübarizədə dünya ölkələrini yaxasını kənara çəkməməyə çağırıb.

“Bu çağırışlara qarşı çıxmaq üçün ABŞ buradakı bütün ölkələrlə yeni əməkdaşlıq erasının başlanmasına təşəbbüs edir. Əlbəttə ki, Yaxın Şərqdəki problemlərlə bağlı ölkələrimizin mövqeləri arasında fərqlər var. Amma regiondakı çağırışların heç biri öz-özünə həll edilməyəcək. Yaxın Şərqdə təhlükəsizlik naminə biz birlikdə işləməyik. Heç bir ölkə bu işdən kənarda qala bilməz”, – deyə Pompeo vurğulayıb.



Qeyd edək ki, hazırda Varşavada Yaxın Şərq üzrə keçirilən beynəlxalq konfransda 60-dan çox ölkənin xarici işlər nazirləri və digər dövlət rəsmiləri iştirak edir. Bu, regionda sülh naminə İsrail, Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinin əməkdaşlıq üçün bir araya gəldikləri nadir tədbirlərdəndir.

Konfransda Yaxın Şərq regionunda humanitar böhran, Yəməndəki vəziyyət, kütləvi qırğın silahlarının yayılmaması, kibercinayətkarlıq, terrorrizmlə mübarizə və onun maliyyələşdirilməsi problemləri, eləcə də, regionun üzləşdiyi yeni təhdidlər müzakirə edilir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Polşa   YaxınŞərq   ABŞ   İran