Büdcədə neftin payı azalır – TƏHLİL

Büdcədə neftin payı azalır – TƏHLİL
  13 Noyabr 2013    Oxunub:1912
Gələn ilin dövlət büdcəsində mühüm cəhətlərdən biri Dövlət Neft Fondundan (ARDNF) transfertin 17,7 % azalacağıdır. Ona görə yox ki, 2013,0 milyon manat neft puluna qənaət olunacaq. Sadəcə, büdcənin 60%-ə yaxın hissəsinin ARDNF-dan asılı vəziyyətdə olması bunu çoxdan tələb edirdi.

Düzdür, növbəti ilin büdcəsinə ARDNF-dan transfertin 2013,0 milyon manat azalması fonunda ümumi gəlirlərin səviyyəsi də cari ildəkinə nisbətən aşağı təşkil edəcək. Ancaq ARDNF-dan transfertin 17,7 % azalması müqabilində dövlət büdcəsi gəlirlərinin cəmi 4%-i enməsi ciddi rəqəm deyil. Gəlirlərin azalacağına rəğmən, xərclər builkindən 1,1 % çox təşkil edəcək.

Sözümüz bunda deyil.
Neft Fondundan büdcəyə transfertin ilk dəfə olaraq gələnil azaldılması mühüm hadisədir. O baxımdan ki, dövlət büdcəmizin neft pullarından asılı olduğu sirr deyil. Və bunun məhz ARDNF-dan transfertin hər il artması hesabına güclənməsi ciddi narahatlıq doğururdu.

Büdcə gəlirlərinin formalaşmasında sözügedən qurumun payı 2009-cu ildən 50 %-dən yuxarı təşkil edir ki, cari ilin dövlət büdcəsində isə ARDNF-dan transfert 11 milyard 350 milyon manat nəzərdə tutulub. Bu da gəlirlərin 59,2 %-i deməkdir.
Bu da ondan irəli gəlir ki, 2003-cü ildə ARDNF-dan dövlət büdcəsinə transfert 100 milyon manat təşkil edirdisə, 2004-cü ildə 130 milyon, 2005-ci ildə 150 milyon, 2006-cı ildə 585 milyon, 2007-ci ildə 585 milyon, 2008-ci ildə 1,1 milyon, 2009-cu ildə 4,9 milyard, 2010-cu ildə isə yenə 4,9 milyard manat nəzərdə tutulsa da, ilin ortasında büdcəyə dəyişiklik edilməklə 5,9 milyard, 2011-də isə əvvəl 6 milyard 480 milyon olsa da sonra 9 milyard 203,2 milyon manata qədər yüksəldildi.

Dövlət büdcəsi isə bir neçə ildir ki, kəsirsiz icra edilir. Odur ki, gəlirlərin xərcləri üstələməsi fonunda neft pullarına qənaət edilməsi və büdcənin ondan asılılığını azaltmaq transferti məhdudlaşdırmağı tələb edirdi.

Bəs, sözügedən köçürmə niyə azaldılmırdı? Fonddan büdcəyə transfert niyə məhz, gələn il azaldılacaq?

Bunda şübhəsiz ki, ölkədə neft hasilatının enməsinin rolu vardır. Lakin xatırladaq ki, 2011-ci ilin dövlət büdcəsinin 305,9 milyon manat profisitlə icra edilməsi nəticəsində ARDNF-dən həmin ildə nəzərdə tutulan transfert məbləği 203,2 milyon manat və yaxud 97,8 % kəsirlə həyata keçirildi ki, o vaxt bu, çoxdan arzulanan bir tendensiyanın – tranfertin nəhayət, azaldılmağa başlanacağına ümid yaratdı.

Dövlət büdcəsinin kəsirsiz icrasına rəğmən, ARDNF-dan transfert buna qədər 100% həyata keçirilirdi ki, növbəti ilə qalıq məbləği qalmasıına baxmayaraq, o, heç bir ildə “qayçılanmırdı”.

O zaman yazmışdıq ki, ARDNF-dan transfertin kəsirlə icra olunmasının qeyri-neft sektorunda ciddi irəliləyiş əldə olunmasıyla eyni ilə təsadüf etməsi əslində, ciddi “siqnal” sayılır.

Ümumiyyətlə, son vaxtlar qeyri-neft sektorunun inkişafında və onun dövlət büdcəsindəki payında artım ARDNF-dan transferti azaltmağa zəmin yaradırdı ki, keçən ilin ortasında dövlət büdcəsinə yenidən baxılan zaman Fonddan transfertin artırılmaması da, bunu idda etməyə əsas vermişdi.

Düzdür, bu il transfert azaldılmadı. 2013-cü ilin dövlət büdcəsinə Fonddan keçən ildəkindən 1 milyard 445 milyon manat və ya 14,5 % çox vəsait köçürüləcək ki, bu əslində, azaldılsaydı yaxşı idi.

Ona görə ki, transfert olmasa büdcədən cari xərcləri ödəmək mümkün deyil. Bir sıra sosial xərclər bunun hesabına maliyyələşdirilməkdədir. Dövlət başçısı da bir dəfə vurğuladı ki, Vergilər Nazirliyi ilə Gömrük Komitəsinin və digər qurumların xəttiylə büdcəyə ödənişlər cari xərcləri örtməsə ARDNF-dən transferti azaltmaq mümkün deyil.

Təsadüfi deyil ki, 2014-cü ildə büdcə gəlirlərinin sahibkarlığın, biznes mühitinin yaxşılaşdırılması və digər qeyri-neft sahələrinin inkişafı hesabına vergi və rüsumlar sayəsində tamamlanması mühüm vəzifə olaraq qarşıya qoyulub.

Növbəti il üçün dövlət büdcəsi gəlirlərinin qeyri-neft sektoru üzrə payı 2013-cü ilin proqnozu ilə müqayisədə 20,8, 2012-ci ilin faktiki icra göstəricisinə görə isə 34,5 % çox olacaq.

Ümumiyyətlə, 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisinnin cari ilin proqnozu ilə müqayisədə 7, 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 7,1 % artacağı gözlənilir.

ARDNF-dan transferti azaltmağın bir yolu da vardır ki, bu da büdcə xərclərinə nəzarəti gücləndirməkdən ibarətdir. Belə ki, büdcənin icrasına cavabdeh olan və ondan müxtəlif investisiya layihələrini həyata keçirtmək üçün vəsait alan qurumların işi durmadan yaxşılaşdırılmalıdır.



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti