ABŞ-da biopsiya hazırlayan şirkətin azərbaycanlı vitse-prezidenti

ABŞ-da biopsiya hazırlayan şirkətin azərbaycanlı vitse-prezidenti
  15 Fevral 2019    Oxunub:5193
İsrail ordusunda tətbiq olunan, idmanın "Krav Maqa" döyüş növündə bir sıra uğurlara nail olan bu xanım, yaşıl kəmər uğrunda məşqlərə başlayıb. Təkcə özü deyil, demək olar ki, ailəsində hamı boş vaxtlarında idmanın bu növü ilə məşğul olur. Ömür-gün yoldaşı Rza Fazel əslən İran İslam Respublikasındandır. İki övladı var. Oğlu Ziya Süleyman 10, qızı Qarlı Naima 7 yaşındadılar.
Haqqında söhbət açdığım Nərminə Paşa Bakıda dünyaya gəlib. 1995-ci ildə 15 nömrəli məktəbi bitirib. 1997-ci ildən Amerikada yaşayır. Bir il əczaçı işləyib. 1998-2002-ci illərdə Los Ancelesdəki Kaliforniya Universitetində ali təhsil alaraq, nevrologiya sahəsində bakalavr dərəcəsinə yiyələnib. Üç il özəl məktəbdə kimya, fizika, riyaziyyat və biologiya fənnlərini tədris edib. 2005-2007-ci illərdə yenidən məzunu olduğu universitetə dönərək, bu dəfə ictimai səhiyyənin təşkili üzrə mağistr dərəcəsinə yüksəlib. 2007-2018- ci illərdə "Kayzer Permanente" şirkətində müxtəlif vəzifələrdə çalışıb. O, burada cərrahiyə xidmətinə rəhbərlik edib, sonradan kapitalın planlaşdırılması şöbəsinin böyük meneceri olub. 2018-ci ildən xərçəng xəstəliyinin erkən aşkarlanması üçün biopsiya mayesi ərsəyə gətirən "Quantgene" şirkətində klinik marketinq və əməliyyatlar üzrə vitse-prezident işləyir. Bu şirkət ABŞ-da, eləcə də Avropada böyük səhiyyə təşkilatları ilə əməkdaşlıq edir.

Azərbaycan mətbəxinin təamlarını sevə-sevə hazırlayan Nərminə xanım, bu bacarığı anasından öyrəndiyini söyləyir. Səyahət etməyi, mütaliəni çox xoşlayır. Dünya, o cümlədən Azərbaycan musiqisini dinləməkdən zövq alır.

Atası elmlər namizədi, dosent Səmid Paşayev uzun illər Azərbaycan Dövlət Neft-Kimya Akademiyasında avtomatlaşdırma kafedrasında müəllim işləyib. Anası Neda Paşayeva da həyat yoldaşı ilə eyni tədris ocağında, informatika kafedrasında çalışıb.

Adətən idmançı xanımlar ötkəm olurlar, amma mən onunla söhbət edərkən o qədər incə məqamların şahidi oldum ki, onlar əsl Azərbaycan xanımına xas olan dəyərlər idi.

Deyir ki, - "Bəlkə də haqqımda yazılmasına razı olmazdım. Axı mən elə də fövqalədə işlər görməmişəm. Atam bir daha xatırlansın və ruhu şad olsun deyə, həvəslə razılıq verdim. Atamı çox sevirdim. O, mənə insanpərvərliyi, həyatda əzmkar olmağı, xeyirxahlığı öyrətdi. Mən fəxr edirəm ki, Səmid Paşayev kimi atam olub".

Gənc yaşlarından Azərbaycanı tərk etsə də, doğma vətəni hələ də xatırlayır. Ömrünün ən qayğısız illərinin orayla bağlı olduğunu dilə gətirir. Arzulayır ki, xalqımız firəvan yaşasın, gənclərimiz mükəmməl təhsil alsınlar, idmanla məşğul olsunlar. Sağlamlığın həyatın gözəl keçməsində əhəmiyyətli rolu olduğunu vurğulayır.

Bu şən, təvazökar, qayğıkeş, idmançı iradəsi ilə vəzifə pillələrində irəliləyən azərbaycanlı xanıma gələcək həyatında uğurlar arzulayırıq.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti