Əmanətlərin sığorta müddətinin uzadılması niyə vacibdir? – TƏHLİL

   Əmanətlərin sığorta müddətinin uzadılması niyə vacibdir? –    TƏHLİL
  18 Fevral 2019    Oxunub:6447
Gözlənildiyi kimi, “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti uzadılacaq. Prezident İlham Əliyevin 19 yanvar 2016-cı il tarixdə imzaladağı, 1 mart 2016-cı ildən qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna əsasən, 1 mart 2019-cu ilədək banklarda yerləşdirilmiş bütün əmanətlər əvvəl müəyyən edilən 30 minədək limit ləğv edilməklə məbləğlərindən asılı olmayaraq, tam sığortalanırdı.

Ölkədə ötən 3 il ərzində bankların fəaliyyətini sağlamlaşdırmaq, o cümlədən, əhalinin onlara inamını, manatın itirdiyi mövqeyi bərpa etmək üçün buna, həmçinin, faiz gəlirlərinin də vergidən azad edilməsinə böyük ehtiyac var idi. Çünki, 2015-2016-cı illər ərzində Azərbaycan iqtisadiyyatı həqiqətən də, çox ağır və çətin bir dövr keçirdi. Neftin dünya bazar qiymətlərinin düşməsilə əlaqədar olaraq, ölkə iqtisadiyyatı, mövcud makroiqtisadi durum kəskin mənfi təzyiqlər altında qaldı. Bu, özünü ən pis şəkildə bank sektorunda göstərdi. Belə ki, manatın 2015-ci il ərzində 2 dəfə devalvasiyaya uğraması ən kəskin şəkildə məhz bank sektorunu vurdu.

Sözüm bunda deyil. Əmanətlərin tam olaraq sığortalanması ilk növbədə birmənalı olaraq ölkədə məhz dollarizasiya əleyhinə yönələn tədbir kimi xarakterizə olundu. Bu proses maksimum səviyyəyə çatmışdı. Situasiya özünü banklarda əmanətlərin strukturunda əyani göstərirdi. Əhalinin banklardakı əmanətlərinin demək olar, 80%-dən çoxunu ABŞ dolları təşkil edirdi ki, bu, həm devalvasiyadan sonra, həm də əvvəl yerləşdirilmiş vəsaitlərin dolların xeyrinə olması və yaxud da məhz dəyişdirilməsi hesabına baş vermişdi.

Məlumat üçün qeyd edim ki, banklarda 1 yanvar 2016-cı il tarixinə fiziki şəxslərin əmanətlərinin həcmi 9 milyard 473 milyon 900 min manat təşkil edirdi və bunun da 8 milyard 053 milyon 700 min manatı xarici valyutada idi. Bu isə o demək idi ki, ölkədə kredit təklifi də yalnız dollarla idi, manatla borclanma, borcvermə isə tamamilə risk vəziyyətindəydi. Bunu isə banklara əmanət cəlbinə dair mövcud mexanizmi nəzərdən keçirmədən və dəyişmədən aradan qaldırmaq mümkün deyildi. Çünki bankları manatla təmin etməli olan Mərkəzi Bank (AMB) da yaranmış situasiyada təəssüf ki, uçot dərəcəsini qaldırmaq məcburiyyətində idi.

Ancaq sonuncu barədə qeyd edim ki, banklar tərəfdən manatla kredit təklifini bərpa etmək və artırmaq üçün AMB vəziyyətə fəal müdaxilə etməli və prosesə ən sərt formada dəstək göstərmək məcburiyyətində idi. Bunun başlıca yolunu isə mərkəzi kreditlərin həcmini artırmaq təşkil edirdi. O baxımdan ki, sözügedən qurum dövriyyədən yığdığı manatı məhz bu yolla geri qaytara bilərdi. Bunu isə yalnız ucuz pul-krediti vasitəsilə təşkil etmək mümkün idi.

Amma vəziyyət başqa idi: dövriyyədə manat kütləsi məhdudlaşdırılırdı. Ona görə ki, bu, dollarizasiya əleyhinə əlavə yeganə mühüm tədbir sayılırdı və bilavasitə manatı möhkəmləndirmək məqsədi daşıyırdı. Odur ki, AMB istər-istəməz uçot dərəcəsini qaldırmalı idi və qaldırırdı da... Demək, çıxış yolu qalırdı yalnız banklara əmanət cəlbində manatla yerləşdirməni stimullaşdırmaq və məhz bunda cəlbediciliyi artırmağa... Əmanətləri tam olaraq sığortalamaq və bu zaman manatla yerləşdirilən vəsaitlər üzrə daha yüksək faiz dərəcəsinə qarant olmaq bu mənada əsas sayılırdı.

Yeri gəlmişkən, əmanətlərin tam sığortalanmasını nəzərdə tutan qanunun müddəti 1 il uzadılacaq. Bu, əvvəlcədən bəlli idi ki, qanunun müddəti uzadılacaq və bunu etmək zəruridir. Düzdür, son 3 ildə əmanətlərin həcmində və strukturunda kifayət qədər müsbət dəyişikliklər baş verib. Lakin bank sektorunda vəziyyət faktiki gərgin olaraq qalır. Belə ki, likvidlik aşağıdır. Mərkəzi Bank rəhbərliyi və digər mənbələr maliyyə qıtlığının olmadığını desələr də, bu, real deyil. Nə qədər ki, bankların problemli kreditlər məsələsi həll olunmayıb və geri ödənilməli olan kreditlərin məbləği yüksək olaraq qalır, vəziyyət kritik xarakter daşımaqda davam edəcək. Qeyri-likvidlik şəraitində isə bankların normal kreditləşmə həyata keçirməsi, normal xidmət göstərməsi qeyri-mümkün məsələdir. Ona görə də, banklarda maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün başqa vasitələrdən istifadə olunmalıdır. Əmanətlərin tam sığortalanması bu vasitələrdən biri sayılır. Tam, 3 il bundan əvvəl olduğu kimi...

Qanunun icra müddətini 1 il uzatmaq addımıyla hökumət əhalidə manatla depozit yerləşdirməyə marağı artırmağa, eyni zamanda, mövcud əmanətlərin geri çəkilməməsinə nail olmağa çalışacaq. Düzdür, bunun effekti əyani olaraq yüksək görünməyə də bilər. Lakin müddət uzadılmasa, əhalidə banklara inamsızlıq daha da azaldar, əmanətlərin geri çəkilməsi prosesi yenidən başlaya bilər. Onsuz da vətəndaşların real olaraq yığım imkanı yüksək deyil və devalvasiyalardan sonra əhalidə banlarka inam qalmadığından, olan-qalan əmanətləri də saxlamağa çoxları ürək eləmir. Ürək edənlər də əllərindəki vəsaiti xarici valyutaya çevirib banlarda yerləşdirməyə çalışırlar. Banklar üçünsə indiki şəraitdə xarici valyuta ilə əmanət cəlbi sərfəli deyil.

O ki qaldı sözügedən qanunun müddətinin əvvəlki kimi 3 il deyil, cəmi 1 il uzadılmasına, bu, hökumətin cari il üçün bank sektorunda müsbət tendensiyaların güclənməsi gözləntilərindən xəbər verir. Təkrar edirəm, 2016-cı ildə vəziyyət kritik idi və valyuta bazarında qeyri-sabitlik vardı. Həmin il manat 15%-dək dəyər itirdi, 11 bank bağlandı. Belə bir şəraitdə əmanətlərin tam sığortalanması qanununun müddətinin 3 il götürülməsi məntiqli idi. Amma indi vəziyyət başqadır: manat sabitdir, valyuta bazarında ajiotaj yoxdur, neftin qiyməti yüksəkdir, ölkənin tədiyə balansı müsbətdir, makroiqtisadi sabitlikdə müəyyən dayanıqlıq mövcuddur. Ona görə də hökumət bu dəfə müddəti 1 il müəyyən edir. Mümkündür ki, gələn il yenidən artırmaq zərurəti yaransın. Amma indiki şəraitdə 1 illik müddət məntiqli görünür.

Son olaraq, bir məsələyə də toxunum. Hökumət bu addımı atmaqla böyük risk edir. Qarşıdakı 1 ildə 2-3 bank birdən bağlansa, dövlətin üzərinə böyük yük düşəcək. Amma bank sektorunda vəziyyəti sabitləşdirmək üçün dövlət məcburdur ki, bu addımı atsın.
 
Pərviz Heydərov
Azvision.az üçün




Teqlər: Banklar   Əmanətlər  





Xəbər lenti