ABŞ-Çin danışıqlarının yeni mərhələsi başlayır

  19 Fevral 2019    Oxunub : 959
ABŞ-Çin danışıqlarının yeni mərhələsi başlayır
Aralarındakı ticarət və iqtisadi problemlərə son qoyaraq martın 1-dək ikitərəfli yeni ticarət sazişi imzalanmasına nail olmaq məqsədilə bu gündən etibarən ABŞ-Çin danışıqlarının yeni mərhələsinə start verilir.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir. Bildirilir ki, 3 gün davam edəcək danışıqlarda Pekindən gələn rəsmi nümayəndə heyəti ilə bir sıra görüşlər keçiriləcək.

21 fevraldakı yüksək səviyyəli danışıqlarda isə Çinin baş nazirinin müavini Liu He, ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer və ABŞ maliyyə naziri Stiven Mnuçin də iştirak edəcəklər.

Ağ Evin bəyanatına əsasən, Pekinlə Vaşinqton arasındakı ticarətə təsir göstərdiyinə görə, Çinin ticari strukturunda zəruri dəyişiklərə nail olunması məqsədi daşıyan danışıqlarda, xüsusən də, Çinin Amerikadan əhəmiyyətli miqdarda daha çox xidmət və məhsul alacağına dair verdiyi vəd müzakirə ediləcək.

Qeyd edək ki, Vaşinqton 90 gün ərzində Pekinlə əsas ticarət mübahisələrində razılıq əldə edilməzsə, Çin mallarına qoyulan 200 milyard dollarlıq gömrük rüsumlarını daha da artıraraq 10%-dən 25%-ə qaldıracağını bəyan edib. Çinə verilən 90 günlük möhlət martın 1-də başa çatacaq. ABŞ prezidenti Donald Tramp həmin vaxtadək çinli həmkarı ilə görüşməyəcəyini deyib. Mənbələr isə bildirir ki, martda ya Floridada, ya da Pekində Trampla Çin lideri Si Tsinpin arasındakı növbəti görüşün keçirilməsi gözlənilir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ticarət   Çin   ABŞ