İki nüvə dövləti arasında gərginlik böyüyür

   İki nüvə dövləti arasında gərginlik böyüyür
  19 Fevral 2019    Oxunub:2003
Hindistan Silahlı Qüvvələrinin general-leytenantı Dhillon Kəşmirdəki bütün silahlı qrupları məhv edəcəkləri barədə xəbərdarlıq edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, general-leytenantı Dhillon 14 fevralda mübahisəli ərazi olan Kəşmirin Hindistanın nəzarətində olan hissəsində - Cammu Kəşmirdə hərbçiləri daşıyan maşın karvanına edilən bombalı hücum nəticəsində 40-dan çox hindistanlı hərbçinin ölümünə görə Pakistanın Qurumlararası Kəşfiyyat Agentliyini ittiham edib. Bildirib ki, müsəlmanların çoxluq təşkil etdiyi Kəşmirdə terroru dəstəkləyən hər bir kəsi ölüm gözləyir.

“Mən Kəşmirdəki bütün analardan xahiş edirəm ki, terrorizmə qoşulan oğullarını təslim olmağa və düzgün həyata geri dönməyə razı salsınlar. Əks halda, əlinə silah götürən hər bir kəs öldürüləcək” – hindistanlı general bəyan edib.

Qeyd edək ki, indiyədək hind təhlükəsizlik qüvvələrinə qarşı ən qanlı hücum kimi qiymətləndirilən 14 fevraldakı terakta görə Caiş-e-Mohəmməd silahlı qruplaşması məsuliyyəti öz üzərinə götürüb. Bombalı hücumu törədən 20 yaşlı gəncin valideynləri bildirib ki, oğulları 3 il əvvəl Hindistan hərbçiləri tərəfindən vəhşicəsinə döyüldükdən sonra radikal qruplaşmaya qoşulub. Buna baxmayaraq, Hindistan hökuməti qonşu Pakistanı ittiham edir. Lakin rəsmi İslamabad insidentlə heç bir əlaqəsinin olmadığını bildirir. İnsident iki qonşu nüvə dövlətləri arasında gərginliyin artmasına səbəb olub, İslamabad və Nyu-Delhidəki səfirlər məsləhətləşmələr üçün geri çağırılıb.

Mayda seçkilərə gedən Hindistanın baş naziri Narendra Modi pakistana ciddi təzyiq etmədiyi üçün əhalinin qınağı ilə üzləşib. Nəticədə o, qonşu dövlətə “sərt cavab” verilməsi üçün ölkənin təhlükəsizlik qüvvələrinə bu məsələdə sərbəst davranmaq imtiyazı verib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Pakistan   Kəşmir   Hindistan  





Xəbər lenti