Çikaqoda yaşayan Məmmədovlar ailəsi

   Çikaqoda yaşayan Məmmədovlar ailəsi
  20 Fevral 2019    Oxunub:3753
Fərid Məmmədov əslən Lənkəran rayonundandır, 1983-cü ildə Sumqayıt şəhərində dünyaya gəlib. Deyir ki, "Amerikaya gəlmək istəyən gənclər heç nədən çəkinməsinlər. Amma gəlməmişdən, qarşılarına məqsəd qoyub, götür-qoy etsinlər. Yaxşı-yaxşı düşünsünlər ki, burada hər-hansı bir ixtisasa yiyələnməsələr çox çətin olacaq".
2000-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 2004-cü ildə bakalavr, 2008-ci ildə magistr dərəcələrinə yiyələnib. 2010-cu ilədək müxtəlif şirkət və müəssisələrdə çalışıb. 2010-2012-ci illərdə Xəzər, Azərbaycan İqtisadiyyat və Qərb universitetlərində müəllim işləyib.

2013-cü ildə ABŞ-ın Texas ştatının Hyuston şəhərinə gəlib. Şirkətlərdən birində çalışa-çalışa Hyuston AİU unversitetində oxuyub. Burada ikinci magistr (MBA) dərəcəsinə sahib olub. Sonra şəxsi biznesini quraraq, yaratdığı şirkətə rəhbərlik edib.

2016-cı ildən Çikaqo şəhərində yaşayır. Onu buraya gətirən səbəb ömür-gün yoldaşı Mehriban xanıma olan məhəbbəti olub.

Mehriban Məmmədova ixtisasca hüquqşünasdır. İlk ali təhsilini Bakı Dövlət Universitetində, ikinci ali təhsilini isə Çikaqo Loyola Universitetində alıb. Hüquq şirkətlərindən birində hüquqşünas işləyir. Çox bacarıqlı xanımdır, 2015-ci ildə "ABŞ-ın orta qərb ştatları üzrə Azərbaycan mərkəzi" adlı təşkilat yaradaraq, Azərbaycan naminə tədbirlər həyata keçirir.

Təşkilat bu günədək milli, rəsmi bayramlarımızın qeyd olunmasında Çikaqoda yaşayan soydaşlarımızı bir araya gətirə bilib. Sonuncu tədbirləri bu günlərdə Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunub. Çikaqoda "İllinois ştatının Holokost Muzeyi və Təhsil Mərkəzi"ndə keçirilən bu tədbirdə Türkiyə, Ukrayna konsulluğunun əməkdaşları və Hindistan, Pakistan, Moldova, Qırğızıstan, Özbəkistan cəmiyyətlərinin nümayəndələri də iştirak ediblər.

Fərid bəy Mehriban xanımın bütün tədbirlərində öndə olub, necə deyərlər, bütün işləri çiyin-çiyinə görüblər. Foto çəkməyi çox xoşlayır, boş vaxtlarında qrafik dizaynla məşğul olur.

Hazırda təsis etdiyi tibbi daşıma şirkətinə rəhbərlik edir: "Diləklərim çoxdur. Gələcəkdə şirkətimi genişləndirib daha böyük layihələri həyata keçirmək istəyirəm. Ailədə iki övlad böyüyür, onlara yüksək təhsil vermək ən böyük arzumdur. Azərbaycanı çox sevirəm. Çalışıram ki, vətənimizi burada yaxşı tanısınlar, xalqımıza rəğbət bəsləsinlər. Ötən il noyabrın 9-da, ABŞ-da ilk dəfə olaraq iri həcimli Azərbaycan bayrağının Çikaqonun mərkəzində dalğalanmasına nail olduq. Zarafat deyil, bayrağın ölçüsü 7x14 metr idi. Bunun hər il təkrar olunması üçün xüsusi razılıq əldə etmişik".

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ   Çikaqo   Ailə  





Xəbər lenti