Oktyabrda Türkiyə “S-400”ləri tam istismara verəcək

  20 Fevral 2019    Oxunub : 879
 Oktyabrda Türkiyə “S-400”ləri tam istismara verəcək
Türkiyə Rusiya ilə imzaladığı anlaşmaya uyğun olaraq 2019-cu ilin iyulunda ilk “S-400” zenit-raket kompleksini təhvil alacaq.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir bəyanatla çıxış edib.
Onun sözlərinə görə, “S-400” sistemlərinin tam istismara verilməsi bu ilin oktyabrında baş tutacaq.

“Daha əvvəl də söylədiyimiz kimi, “S-400”lərin ilk təslimatı 2019-cu ilin iyulunda başlayacaq. Oktyabr ayında isə sistemlər aktivləşdiriləcək. İki sistem var, ikinci sistemin təhvil təqvimi də irəliyə çəkilib, yəni hər hansı bir çətinlik yoxdur” – nazir vurğulayıb.

İsmayıl Dəmir onu da əlavə edib ki, Vaşinqtonun indiki şərtləri altında Ankaranın ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemlərini alması mümkün deyil.

Qeyd edək ki, ABŞNATO rəhbərliyi Türkiyənin Rusiyadan “S-400” raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər. ABŞ Konqresinin Nümayəndələr Palatasının təsdiq etdiyi 2019-cu maliyyə ili üçün Pentaqonun büdcə qanun layihəsində isə deyilir ki, Pentaqon Ankaranın Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz. Vaşinqton onu da bəyan edib ki, “S-400” sistemlərinin alınması Türkiyəyə “F-35” qırıcılarının verilməsinə mənfi təsir edə bilər.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Türkiyə   S-400   ABŞ