Pxenyan Seulun təklifini rədd edib

Pxenyan Seulun təklifini rədd edib
  21 Fevral 2019    Oxunub:1501
Şimali Koreya 1 mart hərəkatının 100 illiyi münasibətilə birgə tədbirlər keçirməklə bağlı rəsmi Seulun təklifini rədd edib.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyinin rəsmi nümayəndəsi keçirdiyi brifinqdə deyib: “Cənubi Koreya tərəfi bunun üçün bütün mümkün cəhdləri etdi, amma Şimali Koreya bu gün rəsmi şəkildə bizi məlumatlandırdı ki, yubileyin birgə qeyd edilməsinin təşkili çətin olacaq” - nazirliyin rəsmisi bəyan edib. Onun sözlərinə görə, təklifdən imtina edən Pxenyan bu qərarını “xüsusi şərtlərlə” əlaqələndirsə də, onların nə olduğuna dair konkret izahat verməyib.

Bir sıra ekspertlərin fikrincə isə, Şimali Koreyanın bu tarixi Cənubla birlikdə bayram etmək istəməməsinin səbəbi 1919-cu ildə Şanxayda formalaşan Koreya mühacir hökumətinə münasibətdə fərqli mövqedə olmasıdır. Halbuki, 1 martın birlikdə qeyd edilməsinə dair razılıq Cənubi Koreya prezidenti Mun Çje İnin 2018-ci ilin sentyabrında Şimala səfəri zamanı həmkarı Kim Çen Inla keçirdiyi görüşün sonunda qəbul edilən Pxenyan bəyannaməsində də əks olunmuşdu.

Xatırladaq ki, Koreyanın Yaponiya işğalından azad edilməsini qarşıya məqsəd qoyan koreyalı 33 vətənpərvər 1919-cu ilin 1 martında Seulda müstəqillik bəyannaməsini qəbul etmişdilər. Bununla da, koreyalıların kütləvi etirazlar və itaətsizliklə müşahidə olunan müstəqillik hərəkatının əsası qoyuldu. 2 milyon koreyalının iştirak etdiyi bu hərəkatı yatırmaq üçün müstəmləkəçi Yaponiya hökumətinin güc tətbiqi nəticəsində 7 min nümayişçi öldürülmüş, 50 mindən çoxu həbs edilmişdi. Lakin bu hərəkat nəticəsində Yaponiya işğal etdiyi Koreya yarımadasında güc tətbiqi vasitəsilə idarəçilik metodundan imtina etməyə məcbur olmuşdu.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Koreya   Yaponiya  





Xəbər lenti