Şuşada anadan olub, ABŞ-da yaşayan iş adamı - FOTOLAR

Şuşada anadan olub, ABŞ-da yaşayan iş adamı -  FOTOLAR
  22 Fevral 2019    Oxunub:21767
Ağıllı, əzmkar, çalışqan gəncləri görəndə adamın ürəyi dağa dönür. Zarafat deyil, 24 yaşında Amerika kimi nəhəng bir dövlətə gələsən və çox qısa zamanda uğur qazana biləsən. Əvvəlcə elə düşündüm ki, hansısa super imkanlı ailənin övladıdır. Kimliyinə bələd olduqca gördüm ki, sadə, zəhmətkeş bir ailədə böyüyüb. Atası Sadiq İbrahimov Şuşa Musiqi Kollecində müəllim işləyir.
Deyir ki, - "Mən Amerikaya təzə gələndə Vaşinqton hava limanında təsadüfən bir yaşlı amerikalı ilə eyni skamyada oturmuşduq. Yeni gəldiyimi bilib bir neçə məsləhət verdi. Onlardan biri bu idi: - Amerika elə bil insanla dolu bir otaqdır. Burada hamı dayanmadan yumruq atır. Gərək sən də o otağa girəndən çıxanadək yumruq atasan ki, zərbələrdən yıxılmayasan. Bir də addım-addım getməyə çalış. Sonda görəcəksən ki, artıq yüyürürsən. Nə edirsən elə, ancaq təslim olma".



Haqqında söhbət açdığım Pənah İbrahimov 1985-ci ildə Şuşa şəhərində dünyaya gəlib. 2002-ci ildə orta təhsilini Bakıda başa vurub. Həmin il Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olunub. 2006-cı ildə orada iqtisadçı ixtisasına yiyələnib. Üç il müxtəlif maliyyə qurumlarında, sığorta şirkətlərində çalışıb. 2009-cu ildə ABŞ-a, Vaşinqtona gəlib. 2009-2011-ci illərdə Strayer Universitetində biznesin idarə edilməsi üzrə təhsil alaraq magistr dərəcəsinə (MBA) yüksəlib.

2010-cu ildə mebel və təmir tikinti işləri ilə məşğul olan iki şirkət açıb. 2013-cü ildə şirkətləri birləşdirərək "FACE" şirkətlər qrupunu yaradıb. Şirkət indiyədək Vaşinqton, Merilənd və Virciniya ştatlarında neçə-neçə 32 və 54 mənzilli 6 mərtəbəli binalar, eləcə də 70-dən yuxarı fərdi evlər tikərək təhvil verib. 200-ə yaxın işçisi var.

İki qızı var. Böyük qızı Fatimə 8, ikinci qızı Selin isə 5 yaşındadır.



On ilə yaxındır ki, idmanın taekvando növü ilə məşğul olur. Qış aylarında xizəksürmə idman növünə xüsusi üstünlük verir. Asudə vaxtlarında musiqi dinləməyi, mütaliəni çox xoşlayır.

Deyir: "ABŞ-a gəlmək istəyən gənclərə bir tövsiyəm var. Əgər Azərbaycandakı həyat tərzini burada da davam etdirmək niyyətindədirlərsə, gəlməsinlər. İnsan yüksək bir dağ zirvəsinə qalxmamışdan əvvəl özünü necə səfərbər edirsə, gələrkən burada qarşılaşa biləcəkləri bütün çətinliklərə hazır olmalıdırlar".

Bir neçə mükafata layiq görülüb. Sonuncu dəfə təltif olunduğu "BHS" araşdırmalar təşkilatının - "Ölkələr arası ən yaxşı iş adamı" - mükafatıdır.



Arzuları çoxdur. İstəyir ki, şirkəti ABŞ-ın bütün ştatlarını əhatə etsin, onun Azərbaycanda filiallarını açsın, ölkəmizin iqtisadiyyatına töhvələr versin.

Şuşanı tez-tez xatırlayır. Ən çox da Cıdır düzünü, bazarın ətrafı yadına düşür. Hər il iki-üç dəfə vətəni ziyarət etməsə özünü pis hiss etdiyini, ciddi narahat olduğunu söyləyir.

Azərbaycan səfirliyinin həyata keçirdiyi bütün mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edən bu gənc soydaşımızdan ayrılarkən, dilimdən bu kəlmələr qopdu: - Allah yolunu açıq etsin, qardaşım!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ   İş-adamı  





Xəbər lenti