Paşinyan “otel otağına” heç kəsi buraxmır - KTMT baş katibsiz qalacaq

Paşinyan “otel otağına” heç kəsi buraxmır -    KTMT baş katibsiz qalacaq
  22 Fevral 2019    Oxunub:5148
Ermənistanın pozucu mövqeyinə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınin (KTMT) baş katib postu 2020-ci ilin yanvarınadək boş qalacaq. Artıq təşkilatın digər üzvləri bununla barışıblar və növbəti 1 il ərzində baş katibin səlahiyyətlərini onun rusiyalı müavini Valeri Semerikov icra edəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Kommersant “qəzeti Rusiya XİN-dəki mənbəsinə istinadən yazıb. Mənbənin sözlərinə görə, hazırda KTMT-də elə əhval-ruhiyyə var ki, bu il yeni baş katibin təyin edilməyəcəyi artıq yəqinləşib: “Təyinatın gələn il olacağını gözləyirik. Təşkilatda çökmə və durğunluq yoxdur, plana uyğun şəkildə işləyir”.

Qəzet yazır ki, Belarus Dövlət Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın KTMT-nin baş katibi postuna namizədliyini Ermənistandan başqa təşkilatın bütün digər üzvləri (Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiya) hələ ötən ilin dekabrında təsdiqləyiblər. Rusiya da daxil olmaqla, bu ölkələrin prezidentləri Zasla şəxsən görüşərək ona öz dəstəklərini ifadə ediblər. Təkcə Ermənistanın baş naziri Nikol Paşinyan indiyədək Zası qəbul etməyib və onun bu mövqeyi KTMT-də kolliziya yaradıb.

Qeyd olunur ki, KTMT-nin baş katibi postundakı öz nümayəndəsi Yuri Xaçaturova qarşı açdığı cinayət işinə görə onu vaxtından əvvəl vəzifəsindən geri çağıran İrəvan hələ də təkid edir ki, Xaçaturovu əvəzləyən və 3 illik təyinat müddətini başa çatdıran şəxs yenə də Ermənistan nümayəndəsi olmaldır. Amma rotasiya qaydasına uyğun şəkildə baş katib postuna iddialı Minsk başda olmaqla, digər tərəfdaşlar da İrəvanın bu mövqeyilə razılaşmayıblar.

“Bu cür qərarlar konsensusla qəbul edilir. Amma müxtəlif səviyyələrdə aparılan danışıqlar heç bir nəticə vermədi və Nikol Paşinyanın inadkarlığı bir neçə dəfə münaqişələrə də təhrik etdi. KTMT-yə üzv ölkələrin liderlərinin qapalı görüşlərində emosiyalar hərdən elə qızışırdı ki, bir dəfə prezidentlərdən biri dözməyib erməni baş nazirə dedi ki, baş katib İrəvanın fikri nəzərə alınmadan təyin olunacaq” – qəzet Rusiya XİN-dəki mənbənin sözlərini sitat gətirib.

“Kommersant “qəzeti daha sonra yazır ki, bir həftə əvvəl məsələ yenidən aktiv müzakirə edilməyə başladı və Belarus XİN-in sözçüsü Anatoli Qlaz İrəvana mesaj olaraq bəyan etdi ki, “Beynəlxalq hərbi-siyasi təşkilatın baş katibi postu hansısa oteldə otaq deyil ki, ondan yenidən istifadə etmək imkanın olmadığı halda belə, bron edib saxlayasan”.

Vurğulanır ki, KTMT üzrə tərəfdaşlarının narazılığına rəğmən, Ermənistan XİN Paşinyanın Stanislav Zası qəbul etmək niyyətinin olmadığını göstərib. Qəzetin Ermənistan hökumətindəki mənbəsi isə Anatoli Qlazın “KTMT otel deyil” bəyanatına cavab olaraq bildirib ki, “Hər otelin öz qaydaları var. Vaxtından əvvəl gəlmək əlavə ödəniş deməkdir”.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   KTMT   Rusiya   Belarus  





Xəbər lenti