Ermənistanda fövqəladə vəziyyət - “Metsamor”un işçiləri istefa verir

  22 Fevral 2019    Oxunub : 7464
 Ermənistanda fövqəladə vəziyyət - “Metsamor”un işçiləri istefa verir
Ermənistanın “Mesamor” Atom Elektrik Stansiyasındakı (AES) vəziyyət getdikcə daha təhlükəli hal almağa başlayır.

Azvision.az xəbər verir ki, bunu Ermənistan Demokratiya Partiyasının sədri Aram Sarkisyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda “Mesamor”un 67 işçisi stansiyadakı pis şərait və aşağı əmək haqqına görə istefa verəcəklərini bəyan ediblər.

“Atom Elektrik Stansiyasının Ermənistan üçün strateji əhəmiyyətini nəzərə alaraq, hökuməti bu məsələ ilə ciddi məşğul olmağa çağırıram. Çünki problemin həllinin uzadılması ölkəmiz üçün fövqəladə təhlükəli vəziyyətin yaranmasına gətirib çıxara bilər” - Sarkisyan vurğulayıb.

Qeyd edək ki, Metsamor AES-in reaktorlarının istismar müddəti çoxdan bitib və region da daxil olmaqla, Avropa üçün ciddi radiasiya təhlükəsi mənbəyinə çevrilib. Metsamor AES nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı baxımdan da olduqca təhlükəlidir. Bu mənada Azərbaycan və digər region ölkələri, o cümlədən Avropa İttifaqı AES-in bağlanmasını tələb edir.

Əvvəllər “Avroatom”la İrəvan arasında aparılan danışıqlar zamanı Brüssel Metsamor AES-in modernləşdirilməsi üçün 200 milyon avro ayırmağa hazır olduğunu bildirmişdi. Lakin sonrakı araşdırmalar zamanı aydın oldu ki, AES nəinki modernləşdirilməyə, hətta təmirə belə yararlı deyil. Brüsselə görə, Metsamorun işini beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğunlaşdıracaq qədər yaxşılaşdırmaq mümkün olmadığı üçün stansiyanı mümkün qədər tez bağlamaq lazımdır.

Buna baxmayaraq, Ermənistan hökuməti AES-in istifadəsini 2026-ci ilə qədər uzadıb. Yeni AES-in tikintisi üçün isə 5 milyard ABŞ dolları maliyyə tələb olunur ki, buna nə İrəvanın gücü çatır, nə də beynəlxalq maliyyə qurumları, Avropa İttifaqı və digərləri Ermənistandakı iqtisadi böhran fonunda bu məbləğdə yardım və ya kredit ayırmaq istəyirlər.

Onu da xatırladaq ki, ötən ilin dekabrında Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin “Mesamor” Atom Elektrik Stansiyasında aşkarladığı külli miqdarda korrupsiya faktları üzrə 10 cinayət işi açılıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Metsamor