“Hərbçilərimizin bir qismi Suriyada qalacaq” - Tramp

“Hərbçilərimizin bir qismi Suriyada qalacaq” -   Tramp
  23 Fevral 2019    Oxunub:1991
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, amerikalı hərbçilərin bir qismini Suriyada saxlayacaq.

Azvision.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ-ın Suriyada saxlayacağı hərbçilərin sayı az olacaq.
“Suriyada NATO və ya başqa kim olacaqsa, artıq digər hərbi birləşmələrlə yanaşı biz də kiçik bir qrup saxlaya bilərik. Beləliklə, İŞİD yenidən baş qaldırmaz. Bu fikrə müsbət yanaşıram, hazırda orada olan qüvvələrimizlə müqayisədə saxlayacağımız qrup çox kiçik olacaq. Digərləri də bu fikri dəstəkləyirlər” – Tramp bəyan edib.

Məsələ ilə bağlı fərqli yanaşmalara açıq olduğunu vurğulayan ABŞ prezidenti bildirib ki, “Suriyadakı 2500 hərbçimiz dünyanın müxtəlif bölgələrinə gedəcək. Bəlkə İraqa da keçə bilərlər, çünki orada güclü qoşunumuz var.”

Tramp, həmçinin İŞİD-in 100 faiz məhv edildiyini tezliklə elan edəcəklərini söyləyib.

Qeyd edək ki, bundan əvvəl Pentaqonun sözçüsü Şon Robertson koalisiya qüvvələri ilə birlikdə Suriyanın şimalında təhlükəsiz zona inşa etdiklərini və bu məqsədlə ABŞ-ın bir neçə yüz hərbçisini Suriyanın bu bölgəsində saxlayacağını bəyan edib. Həmçinin vurğulayıb ki, ABŞ Suriyanın cənubundakı Əl-Tanif hərbi bazasında iştirakını davam etdirəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İŞİD   Suriya   ABŞ  





Xəbər lenti