ABŞ hərbi təyyarəsi Rusiya üzərindən kəşfiyyat apardı

   ABŞ hərbi təyyarəsi Rusiya üzərindən kəşfiyyat apardı
  23 Fevral 2019    Oxunub:1749
ABŞ hərbi hava qüvvələrinə məxsus “Boeing-135B” hərbi təyyarəsi Rusiya ərazisi üzərindən kəşfiyyat uçuşu həyata keçirib. Azvision.az xəbər verir ki, bu barədə “PlaneRadar” monitorinq portalı məlumat yayıb.
Qeyd olunur ki, ABŞ təyyarəsi “Açıq səma haqqında” müqaviləyə uyğun olaraq Rusiyanın Zabaykal hərbi dairəsi üzərindən uçaraq kəşfiyyat-müşahidə missiyasını yerinə yetirib.

Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) sözçüsü Ceymi Devis bildirib ki, bu, 2017-ci ilin noyabrından etibarən Amerikanın Rusiya üzərindən həyata keçirdiyi ilk belə kəşfiyyat uçuşudur. O, uçuşlar arasındakı bu cür uzun fasiləni Moskva ilə Vaşinqton münasibətlərindəki gərginliklə əlaqələndirib.

Xatırladaq ki, 1992-ci ildə NATO-nun əksər ölkələri, Rusiya və digər dövlətlər tərəfindən imzalanan “Açıq səma haqqında” beynəlxalq müqavilə soyuq müharibədən sonra Avropa qitəsində etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlardan biridir. 2002-ci ildən qüvvəyə minən müqavilə müəyyən olunmuş kvota üzrə 34 üzv ölkənin bir-birilərinin silahlı qüvvələri və digər hərbi tədbirləri barədə açıq şəkildə məlumat toplamağa və bu məqsədlə kəşfiyyat uçuşları həyata keçirməyə icazə verir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   NATO   ABŞ  





Xəbər lenti