Türkiyənin qapalı yerindən açıq REPORTAJ

Türkiyənin qapalı yerindən açıq REPORTAJ
  14 Noyabr 2013    Oxunub:7221
Türkiyəyə gələndə İstanbulun ən qədim və məhşur bölgələrindən biri olan Fatihin “Çarşanba” deyilən səmtinə yerləşdik. Buranı görəndə əvvəlcə çox təəcübləndim. Demək olar ki, burada qadınların hamısı qara çarşabda, kişilər uzun saqqal və enli şalvarlarda idilər.

Evimizin tam yanında qız və oğlanlar üçün Quran kursları var. Hər gün avtobuslarla bura gələn yüzlərlə qız və oğlanı görürəm. Azyaşlı qızlar qapalı, oğlanlar da qeyd etdiyim kimi, enli şalvar və ağ kiçik papaqlarda olurlar. Çox maraqlı olduğu üçün reportaj hazırlamaq qərarına gəldim.

Amma türkiyəli dostlarım dedi ki, bu, o qədər də asan olmayacaq. Bu bölgəyə gedib reportaj hazırlayan hələ olmayıb. Cəhdlərin hamısı uğursuz olub. Doğurdan da, elə oldu. İstanbulun qapalı bölgəsi sayılan Çarşanbada biri ilə danışmaq və ona sual vermək elə də çətin olmur. Amma jurnalist olduğunu bilən kimi qəti etiraz edirlər.

8 aydan sonra cəhdim nəhayət, alındı. Az da olsa, bu qapalı yerdən bəzi xəbərlər öyrənə bildim. Burda yaşayan türklərə “camaat” deylilir. Ümumilikdə Türkiyədə sayları 10 milyona yaxındır. Onun da 30 mini məhz Çarşanbada yerləşir. Xüsusilə 1980–ci illərdən sonra onalrın sayı artıb.

Burda nə öyrənmək istəsən deyirlər ki, Hoca Əfəndi izin verməlidi. Çünki Hoca Əfəndi jurnalistlərə müsahibə verməyə və şəkil çəkdirməyə icazə vermir.

Zatən bu insanların həyatı Əfəndinin üzərində qurulub. Öyrənirik ki, Muhamməd Əfəndi adı ilə bilinən və hazırda 75 yaşı olan İsmail Ağa cami imamıdır. O, Nəqşbəndi şeyxi Mahmud Usta Osmanoğluna xidmət edir.

Çarşanbada gəzinirəm. Söhbət etmək üçün birini axtararkən qarşıma dərzi dükanı çıxır. Kiçik dərzi dükanının sahibi, 58 yaşlı Hüseyn Yörükə yaxınlaşıram. Sən demə, Hüseyin camaatın çox hörmətli adamlarındanmış. Muhamməd Əfəndinin geyimlərini illərdir o tikir.

- 17 il İstanbul Dövlət Opera və Balet teatrında kostyumlar tikmişəm. Sonra əməkli oldum və həcc ziyarətinə getdim. Həccdən dönəndən sonra fikirləşdim ki, işləməyim üçün ən uyğun yer elə cammatın yaşadığı Fatih, Çarşanbadı. Mən teatrda işləyəndə daha çox Osmanlı kostyumları tikmişdim. Ona görə mənə çətin olmadı. Teatrda işləyəndə də saqqallı idim və cübbə geynirdim. O zaman kimsə mənə başqa gözlə baxıb bu geyimlə işə gəlmə demirdi. Geyim və təriqət azaddır, hər kəs hörmətlə yanaşmaldır,- deyir Hüseyn Yörük.

...Burda qadınlarla danışmaq çox çətindir. Bəzən düşünürsən ki, bu qadınları güclə bu qara çarşablara bürüyüblər. Parkda oturan bir qadının yanında əyləşirəm. Burada biri ilə danışmaq jurnalist kimi çətin olsa da, adi insan kimi asandır. Çünki hər kəs bir–birinə salam verir. Mən də qaydalara uyğun olaraq, qadınla salamlaşıb yanında otururam. Söhbət uzanır. Ayşım Dilkək adlı xanımın çarşab hekayəsini elə oxucularla da bölüşmək maraqlı olar:

- İsmayıl Ağa ilə tanışlığım 2001-ci ildə oldu. Quran kursuna yazılmışdım . Ora gedib-gəlməyə başladım. Bir müddət sonra məni tanımadığım birilə evləndirdilər. Ailəm sadəcə mənə evlənəcəyim adamı göstərdi. Mən istəməsəm də, buranın qaydalarına əməl etməliydim. Ailə qurduqdan sonra bir müddət evdən çölə çıxmadım. Yalnız namaz qılır, ibadətlə məşğul olurdum. Əslində burada deyirlər ki, namaz qılmayan qadını ərinin döyməsi haqdır. Sonra yenidən Quran kursuna göndərildim. Əslində mən quran kursuna gedəndə sadəcə Quranı oxumagı öyrənmək istəyirdim. Məqsədim qapanmaq deyildi. İndi bri qızım var. Amma onu da oxumağa göndərməyəcəklər. Bilirəm ki, 9 yaşında Quran kursuna gedəcək. Çünki oğlanlarla qızlar bir yerdə oxuya bilməz. Mənim həyatım bu mənada oğurlandı sanki. Bəzən cammat dini yanlış tətbiq edir.

Amma camaatın başqalarına heç bir ziyanı yoxdur. Onların yaşadığı səmtlər təhlükəsizdir. Təbii ki, burada ədəb-ərkana və qaydalara riayət etmək lazımdır. Hazırda turistlərin çox maraqlandığı bu səmtdə hətta xarıcilər də diqqətli davranır. Geyim və hərərkətlərinə ölçü veririr. Kimsə də İsmayıl Ağa cammatını hiddətləndirmir. Camaat üzvləri “kimsəyə dəyib-dolaşmırıq, təriqətimizlə məşğuluq” deyirlər. Sözün düzü, onlara da kimsə dəyib-toxuna bilmir. Hətta Türkiyə höküməti də camaatla diqqətlə davranır və onları əsəbləşdirməməyə çalışır. Amma hökümət gizli də olsa, bir mücadilə aparır. Burada deyirlər ki, hökumət camaatla “səssiz film” oynayır.

Bu qədər. Türkiyənin qapalı səmtindən yanlız bunları aşkar edə bildim… İnşallah, bu yazını görüb, məni də qapatmazlar…

Məhsəti Şərif, İstanbul
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti