Moldovadakı seçkilərdə Sosialistlər liderdir

Moldovadakı seçkilərdə Sosialistlər liderdir
  25 Fevral 2019    Oxunub:1517
Ötən gün Moldovada keçirilən parlament seçkilərində partiya siyahısı üzrə 31,75% səslə Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə sıx əməkdaşlıq tərəfdarı olan Sosialistlər Partiyası liderlik edir.
Azvision.az “Point”ə istinadən xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, səslərin 95%-nin sayılması nəticəsində avrointeqrasiya tərəfdarı olan müxalif “ACUM” bloku 25,26% səslə ikinci, hazırda iqtidarda olan Demokratik Partiya isə 24,48% səslə üçüncü yerdədir. “Şor” partiyası isə 8,55% səs toplayıb. Digər partiyalar parlamentdə mandat əldə etmək üçün 6 faizlik seçki baryerini keçə bilməyiblər.

Hələlik heç bir partiya parlament çoxluğunu formalaşdırmaq üçün yetərincə səs toplamayıb. Lakin bundan əvvəl Sosialistlər və müxalif “ACUM” bloku bəyan ediblər ki, hansısa partiya ilə koalisiyaya girməyəcəklər.

Qeyd edək ki, Moldovadakı parlament seçkilərində ümumilikdə 14 partiya və bir blok deputat mandatı uğrunda mübarizə aparıb. Dünənki seçkilər ölkə tarixində qarışıq seçki sistemi üzrə (50 nəfər partiya siyahısı, 51 nəfər isə birmandatlı seçki dairələri üzrə) keçirilən ilk parlament seçkiləri olub. Seçici fəallığı 49,22% (1,45 milyon nəfər) təşkil edib. Moldovada deputatlar 4 il müddətinə seçilirlər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Moldova   Seçki  





Xəbər lenti