Xocalıda 22 doğmasını itirən qadın: “Bir gecədə həm şəhid xanımı, həm də şəhid anası oldum” - (VİDEO+FOTOLAR)

Xocalıda 22 doğmasını itirən qadın:  “Bir gecədə həm şəhid xanımı, həm də şəhid anası oldum” -  (VİDEO+FOTOLAR)
  25 Fevral 2019    Oxunub:28476
“Bir günün içində ailəm məhv oldu, əsir düşməmək üçün özümü qayadan atdım”
Azvision.az-ın müsahibi Xocalı sakini Rahilə Quliyevadır. O, 27 il əvvəl baş vermiş Xocalı faciəsində 22 doğmasını şəhid verib. Hazırda Bakı şəhərində yaşayan Rahilə xanım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular Departamentində aparıcı məsləhətçi - mühasib işləyir. İkinci qrup əlildir.



“1970-ci ildə Xocalı şəhərində anadan olmuşam. Həyatımın ən xoşbəxt günlərini Xocalıda yaşamışam. Oradan çıxanda 22 yaşında idim. Ailə qurmuşdum, iki yaşında bir oğlum var idi. Xocalı iki saylı Tikiş Fabrikində növbə rəisi işləyirdim.

4 il idi ki, Xocalı blokadada idi, tez-tez ermənilərin hücumlarına məruz qalırdıq. Artıq adət etmişdik ki, hər gün atışma olacaq, zirzəmilərə girəcəyik və atışma dayanandan sonra evimizə dönəcəyik, həyatımız davam edəcək. Amma belə bir faciəni ağlımıza gətirməzdik. Hadisələr başlayana qədər ermənilər bizimlə qonşuluq edirmişlər kimi özlərini göstərirdilər. Azərbaycan kəndlərində erməni müəllimələr dərs deyirdilər, Xocalı camaatı da gedib erməni kəndlərində işləyirdi.

Xocalı 4 tərəfdən erməni kəndləri ilə əhatə olunmuşdu. Əvvəlcə Xocalı Əsgəran rayonunun böyük bir qəsəbəsi idi. Ancaq Dağlıq Qarabağ hadisələrindən sonra onlar Xocalının Ermənistanın bir hissəsi olmasını istədilər. Bu hadisələrdən sonra Xocalı rayonu yaradıldı”.



Rahilə Quliyeva deyir ki, Xocalı faciəsinə dair hər bir statistikada ona aid nüanslar var: “Faciə ilə bağlı rəqəmlərin hər birinin içində mən varam. Xocalıda 613 nəfər öldürülüb ki, onlardan 22-si mənim yaxınmdır. 63 uşaq öldürülüb ki, onlardan biri mənim 2 yaşlı oğlumdur. Daha sonra qaynımın 8 yaşlı qızı, baldızımın birinin 3 yaşlı qızı, digər baldızımın 17 yaşlı oğlu öldürülüb. 130 uşaq hər iki valideyinindən birini itirib ki, onlardan biri mənim qızımdır. Hansı ki, atasının üzünü görməyib. Xocalıdan çıxanda 3 aylıq hamilə idim. Məndən əlavə, qaynımın iki övladı var ki, onlar da atalarını görməyiblər. Ümumilikdə, hər iki valideyinindən birini itirən uşaqlardan 8-i mənim yaxınımdır. Faciə zamanı 25 uşaq hər iki valideynini itirib, onun ikisi mənim baldızımın övladlarıdır.

1000 nəfər əlil oub, onlardan biri də mənəm, ikinci qrup əliləm. Digər 14 nəfər yaxınım da əlil olub. 1275 nəfər girov götürülüb. Onlardan 150-nin taleyi hələ də məlum deyil. 150 nəfərin içində 3-ü mənim yaxınımdır. Biri baldızımın həyat yoldaşı və 18 yaşlı oğludur, biri də əmim oğludur ki, onlardan indiyədək bir xəbər yoxdur. Həmin gecə 8 ailə məhv edilib, onlardan biri mənim ailəmdir. Evdən qaynanam, qaynatam, yoldaşım, mən və oğlum çıxdıq, onların hamısını həmin gecə itirdim. Göründüyü kimi, hər bir rəqəminin içində mənim taleyim var. 24 saat içində həm şəhid xanımı, həm də şəhid anası oldum. Xocalıdan olan yüzlərlə qadın mənim taleyimi yaşayır”.



Müsahibimiz 27 il əvvəl baş vermiş dəhşətli faciəni ürək yanğısı ilə xatırlayıb: “Hər gün atışma olanda zirzəmilərdə gizlənirdik. Xocalının nə milli orudusu, nə də zirehli texnikası var idi. Özünü müdafiə dəstələri şəhər sakinlərini, dinc əhalini qoruyurdu. Ermənilər ağır texnikalarla şəhərə daxil olanda biz məcbur olduq ki, dağlara çəkilək və gözləyək ki, ara sakitləşsin, sonra qayıdaq. Bu ümidlə bir dəst üst geyimlərimizi geyinib soyuqlu havada yola çıxdıq. Ancaq şəhərin yandığını görəndə anladıq ki, qayıtmaq üçün heç bir ümid yeri yoxdur. Biz dağlara çıxmaq üçün Qarqar çayını keçməli idik. Təsəvvür edin, qışın oğlan çağı buz kimi çayı keçəndə insanların çoxunun ayaqlarını don vurdu, yeriyə bilmədi və meşədə qalanlar oldu.

Bir təhər meşələrə qalxdıq. Fevralın 26-da səhər hamı sakitləşdi ki, hər şey bitti. Ancaq bilmirdik ki, əsil tələni həmin gün oradakı açıqlıqda, Qaraqaya deyilən yerdə qurublar. Ermənilər bilirdilər ki, bizim Ağdama çıxağacağımız yeganə yol meşə yoludur. Camaat gələndə atışma başladı. Xocalıda ən çox öldürülənlər 26-sı günorta saatlarında o açıqlıqda oldu. Ən yaxınlarımı orada itirdim.



Xocalıldan olan cavanlar və yaşlı kişilər özünü müdafiə dəstələri yaratmışdılar. 10-15 silahla camaatı bir təhər çıxartmağa çalışırdılar. Mənim yolddaşım da özünü müdafiə dəstəsinin üzvü idi və Əbülfət Əliyevlə birlikdə dəstəni çıxardırdılar. Həmin vaxt Əbülfət yaralanmışdı. Yoldaşım əlində olan son qumbaranı erməni postuna tərəf atdı. Nəticədə 4 erməni öldü. Bundan sonra onlar qəzəblənib yoldaşımı gözümün qarşısında öldürdülər. O zaman mən özüm də 4 yerdən güllə yarası almışdım. 2 yaşlı oğlumu isə heç kimə vermirdim. Elə bilirdim, onu məndən başqa heç kim qoruya bilməz. Amma məndən keçən güllə uşağımın həyatına son qoydu. 2 yaşında həm məni, həm də bətnimdə dünyaya göz açmamış bacısını qorudu. Hər bir xocalılı qadın üçün bunları danışmaq çox ağırdır. İki yaşında uşağını itirirsən, heç nəyə əlin çatmır. İki yaşında uşaq şəhidmi olar?”.



Rahilə Quliyeva əsirlikdən xilas olmaq üçün özünü qayadan aşağı atıb: “Özümü sildırımlı qayadan atmasaydım, əsir düşə bilərdim. Yoldaşım da, uşağım da öldürülmüşdü, bilmirdim onların meyitinə yaxın gedim, yoxsa özümü qayadan atım. Nə etdiyimi bilmirdim. Ayıldım ki, qayanının dibindəyəm və yanımda heç kim yoxdur. Mənimlə olanları ermənilər götürüb gedirdi. 2 erməni idi, bizimkiərin sayı isə çox idi. Ermənilər ratsiya ilə danışıb kömək istəyirdilər ki, əsirləri aparmağa maşın göndərsinlər. Mən bir az gəldikdən sonra eşitdim ki, kolun dibindən səs gəlir. Elə bildim ermənilərdir. Azərbaycan dilində danışırlar. Əzizə adında bir xala var idi, dedi niyə ağlayırsan? Dedim, oğlumu yanımda öldürdülər, səs eləmə, qoy bu camaatı güdaza verməyək. Ondan sonra sakitləşdim. Artıq Ağdama çatmışdıq. Ağdamdan gələn köməklə Xocalıdan çıxa bildik. Qızım faciədən altı ay sonra doğuldu, indi 26 yaşı var, ailəlidir. İki övladı var”.



















Şahanə Rəhimli
Foto: Şahin Sərdarov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Xocalı   Soyqırım  





Xəbər lenti