ABŞ Rusiya ilə əməkdaşlığa hazırdır

 ABŞ Rusiya ilə əməkdaşlığa hazırdır
  25 Fevral 2019    Oxunub:1384
Vaşinqton Əfqanıstanda siyasi nizamlanmaya və davamlı sülhə nail olmaq üçün Moskva ilə əməkdaşlığa hazırdır.
Azvision.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Ankarada amerikalı həmkarı Zalmay Xəlilzad ilə keçirdiyi görüşlə bağlı “Rossiya 24” telekanalına müsahibəsində deyib. Bildirib ki, tərəflər Əfqanıstanın problemlərinin əfqan xalqının özü tərəfindən həll olunmasının vacibliyi barədə razılığa gəliblər.

“Biz konkret olaraq bu əməkdaşlığın, necə deyərlər, mümkün istiqamətlərini müzakirə etdik. Və ən başlıca bir məsələ üzrə razılığa gəldik – Rusiya və Amerikanın nə qədər böyük dövlət olmalarına baxmayaraq, biz əfqanlara həll variantı, resept sırımayacağıq. Əfqanlara geniş anlamda imkan verəcəyik ki, özləri həll yolu tapsınlar. Və burada əfqanlar deyəndə Əfqanıstan hökuməti nəzərdə tutulmur. O, bu prosesin tərkib hissəsidir. Biz bütövlükdə bütün əfqanları, yəni həm də talibançıları nəzərdə tuturuq. Həmçinin, Moskvada görüşərək hansısa həll yolu tapmağa çalışan siyasətçiləri də. Rusiya və ABŞ isə sadəcə xarici oyunçular kimi əfqanların sülh prosesini dəstəkləyəcəklər” – Kabulov vurğulayıb.

Putinin xüsusi nümayəndəsi onu da vurğulayıb ki, 2019-cu ildə Əfqanıstanda siyasi nizamlanmaya dair bir sıçrayış olacaq.

Qeyd edək ki, Zamir Kabulov fevralın 22-də ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad ilə Ankarada görüş keçirib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   Əfqanıstan   ABŞ  





Xəbər lenti