3 ildə mindən çox jurnalist və hüquq müdafiəçisi qətlə yetirilib

 3 ildə mindən çox jurnalist və hüquq müdafiəçisi qətlə yetirilib
  25 Fevral 2019    Oxunub:1478
Son 3 il ərzində dünyada mindən çox jurnalist və hüquq müdafiəçisi qətlə yetirilib.

Azvision.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş Cenevrədə təşkilatın İnsan Hüquqları Şurasının 40-cı sessiyasının açılışında çıxış edərkən deyib.
Bildirib ki, beynəlxalq ictimaiyyət KİV əməkdaşları və aktivistlərin müdafiəsi üçün daha çox iş görməli və onlara qarşı törədilən cinayətləri cəzasız qoymamalıdır.

“Biz jurnalistlərə və kütləvi informasiya vasitələrinin digər işçilərinə qarşı cinayətlərlə əlaqədar, demək olar ki, tam cəzasızlıq rüsvayçılığına dözməməliyik” – BMT baş katibi vurğulayıb.

Quterreş həmçinin, soz zamanlar internetdə və sosial şəbəkələrdə ksenofobiyanın, antisemitizm və müsəlmanlara qarşı nifrət də daxil olmaqla irqçilik və dözümsüzlüyün getdikcə daha geniş yayılmasının ciddi narahatlıq doğurduğunu bildirib. Onu da vurğulayıb ki, bəziləri qaçqın və miqrantları terrorrizmlə əlaqələndirməyə cəhd edirlər.

BMT baş katibi nifrətin təşviqinə qarşı “Qlobal fəaliyyət planı” hazırlamaq üçün soyqırımın qarşısının alınması üzrə xüsusi məsləhətçisi Adam Dianqaya komanda yığmağı və müvafiq cavab tədbirlərinin gücləndirilməsini tapşırdığını deyib.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyası bu gündən başlayaraq 22 martadək davam edəcək. Sessiya zamanı Ukrayna, Venesuela və Suriya daxil olmaqla, bir sıra ölkələrdə insan hüquq və azadlıqları sahəsində mövcud vəziyyət nəzərdən keçiriləcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: KİV   BMT   Cenevrə  





Xəbər lenti