Pakistan Hindistana son xəbərdarlıq etdi

 Pakistan Hindistana son xəbərdarlıq etdi
  26 Fevral 2019    Oxunub:2149
Pakistanın xarici işlər naziri Şahmahmud Qureşi Hindistan hərbi hava qüvvələrinin mübahisəli Kəşmir bölgəsinə zərbələr endirməsinə münasibət bildirib. Bəyan edib ki, Pakistan ordusu istənilən hərbi təcavüzə cavab verməyə hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə “GEO TV” Qureşiyə istinadla məlumat yayıb. Pakistan XİN rəhbəri vurğulayıb ki, tərəflər arasında belə bir ciddi qarşıdurmanın yaşana biləcəyilə bağlı beynəlxalq ictimaiyyəti dəfələrlə xəbərdar ediblər.

“Biz davamlı şəkildə dünyaya deyirdik ki, bu, baş verə bilər. Onlar (Hindistan) bu gün Pakistana qarşı təcavüz həyata keçirdilər. Ona görə də Pakistan özünümüdafiə və müvafiq cavab vermək haqqını özündə saxlayır” – Qureşi bəyan edib.

Onu da bildirib ki, Pakistanın baş naziri İmran xan Hindistanın əldə olunan razılaşmanı pozması nəticəsində yaranan vəziyyətlə əlaqədar nazirlər kabinetinin təcili iclasını çağırıb.

Qeyd edək ki, 14 fevralda mübahisəli Kəşmir bölgəsinin Hindistanın nəzarətində olan hissəsində - Cammu Kəşmirdə hərbçiləri daşıyan maşın karvanına edilən terror hücumu nəticəsində 40-dan çox hindistanlı hərbçi ölüb. Buna cavab olaraq, bu gün Hindistan hərbi hava qüvvələrinə məxsus 12 ədəd “Mirage 2000” çoxməqsədli qırıcı təyyarəsi Kəşmirin Pakistanın nəzarəti altında olan ərazilərinə bir neçə raket zərbəsi endirib. Rəsmi Nyu-Delhi bildirib ki, hücumun başlıca məqsədi Kəşmirdəki “Caiş-e-Muhəmməd” terror qruplaşmasına məxsus düşərgəni məhv etmək olub və əməliyyat uğurla nəticələnib. Bundan əvvəl Hindistan hökuməti 14 fevral terrorunda Pakistanı günahlandırmışdı. Bildirmişdi ki, rəsmi İslamabad hücumu törədən “Caiş-e-Muhəmməd” qruplaşmasını himayə edir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Pakistan   Kəşmir   Hindistan  





Xəbər lenti