Eldar Mansurov: “Hələ 20, 25 il də yaşamaq istəyirəm”

 Eldar Mansurov: “Hələ 20, 25 il də yaşamaq istəyirəm”
  28 Fevral 2019    Oxunub:6666
"Mən heç vaxt xoşbəxtliyin dalınca qaçmamışam"

Bu gün Azərbaycanın xalq artisti Eldar Mansurovun doğum günüdür. 67 yaşını qeyd edən bəstəkar doğum günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Eldar müəllim, deyirlər yaş kişinin var-dövlətidir. Sizcə, yaş zənginlikdir, yoxsa üst- üstə toplanmış illər?

-Hər ikisi var orada, həm var-dövlətdir, həm də üst-üstə yığılmış illər. Ona görə yaş var-dövlətdir ki, bu vaxta qədər gəlib çıxmısan və o illəri özündə toplamısan.

- Hansı illəriniz üçün tez-tez darıxırsınız?

- 1-dən 67-yə qədər hamısı doğmadır. Hamısı mənimdir. Həm qəmgin, həm də şən vaxtlarım-hər ikisi mənimdir, özəlimdir, doğmamdır. Şikayətim yoxdur. Bura gəlib çıxmışamsa, min şükür.

- Ən çox hansı təbrik və ya kimin təbriki ürəyinizin sarı simini tərpədər?

- Dostlar, tanışlar tezdən zəng edirlər. Oxşar və fərqli təbrik edənlər də var. Çünki müxtəlif adamlarla müxtəlif münasibətlərim var. Hamısı mənim üçün əzizdir.



- Adaşınız rejissor Eldar Quliyevdən soruşdum ki, bu gündən sabaha adlamaq üçün ona nə stimul verir. Cavabı belə oldu ki, həyatın özü ona stimuldur. Eyni sualı sizə ünvanlayıram...

- Mənə stimulu mənim ailəm, uşaqlarım, nəvələrim və yaradıcılığım verir. Bütün bunlarla bərabər dostlarımı da qeydə edə bilərəm. Mənim yaxşı dostalarım var. Bunların hamısı yaşamaq üçün stimuldur.

- İnsan xoşbəxtliyə görə bir ömür yaşayır, illərini sərf edir. Siz xoşbəxtliyi nədə tapırsınız və ya xoşbəxtsinizmi?

-Bəli, mən xoşbəxt insanam. Heç vaxt xoşbəxtliyin dalınca qaçmamışam, o şeylər özləri gəlib səni tapır. Xoşbəxtlik və uğur, onların hamısı etdiyin əməllərin cavabıdır. Necə əməllərlə yaşayırsansa, onlara da eyni cavab alırsan.



- Həyat sən nə şirinsən?! Kim səndən doydu getdi?! - unudulmaz Bəxtiyar Vahabzadə belə deyib. Siz necə düşünürsünüz?

- Öz yaşımla, ömrümlə bağlı deyə bilərəm ki, 67 yaş azdır. Allah imkan versə, 67 nədir, hələ 20, 25 il də yaşamaq və fəaliyyətdə olmaq istərdim. Mənim nəslim uzun ömürlülər olub. 80 -dən yuxarı yaşayanlar da var. Ümid edirəm ki, onların payından mənə də gəlib çatacaq.

- Nəvələriniz varmı? Necə təbrik etdilər sizi?

- Var, mənim adaşım da var. Hələ balacadılar. Bağçadan, məktəbdən gələndən sonra təbrik edəcəklər.

- Sizi çox incitməyim, sonuncu sualımı verim. Bu gün yuxudan durdunuz, əl- üzünüzü yudunuz, aynaya baxıb saçınıza bir daraq çəkdiniz. Və özünüzə nə dediniz? Eldar Mansurovu necə təbrik etdiniz?

- Səhər tezdən telefon zənginə durmuşam. Təbriklərdən hələ əl-üzümü yumağa vaxt tapmamışam. Saat səkkizdən zəng gəlir. Telefonların yanındayam. Hələ səhər yeməyini də yeməmişəm.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Eldar-Mansurov  





Xəbər lenti