Kanada “Huawei”nin maliyyə direktorunu ekstradisiya edir

Kanada “Huawei”nin maliyyə direktorunu ekstradisiya edir
  02 Mart 2019    Oxunub:2376
Kanada rəhbərliyi bəyan edib ki, Çinin “Huawei” şirkətinin maliyyə direktoru Men Vançjounun ABŞ-a ekstradisiyası prosesinə başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb. Bildirlib ki, Vançjou Vankuverdə zaminə buraxılıb və ekstradisiya tarixi təyin olunduqdan sonra 6 martda məhkəmə qarşısına çıxarılacaq.

Bununla bağlı Kanadanın ədliyyə departamenti bəyan edib ki, “ekstradisiya barədə qərar çıxarmaq üçün kifayət qədər sübut təqdim edilib”. Men Vançjounun ekstradisiyası ilə bağlı yekun qərarı Kanadanın ədliyyə naziri verəcək.

Xatırladaq ki, “Huawei” şirkətinin təsisçisi Ren Jenqfeyin qızı olan Men Vançjou ötən ilin dekabrında ABŞ-ın müraciəti əsasında Kanadada həbs olunmuşdu. Məsələ ilə əlaqədar Kanadanın Pekindəki səfiri Çinin Xarici İşlər Nazirliyinə çağırılmış və ona etiraz notası verilərək, Vançjounun dərhal sərbəst buraxılması tələb olunmuşdu.

Vaşinqton iddia edir ki, Vançjou ABŞ sanksiyalarını pozaraq İranla əlaqəli küllü miqdarda bank köçürmələrinin təmizlənməsini həyata keçirib. Əgər ABŞ məhkəməsi “Huawei”nin maliyyə direktorunu təqsirkar sayarsa, onu 30 illik həbs cəzası gözləyir. Hazırda Kanadada olan Vançjou 7,5 milyon dollar müqabilində həbsdən zaminə buraxılıb və ABŞ-a ekstradisiyası prosesi başa çatanadək Vankuverdəki evində nəzarət altında saxlanılır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kanada   Çin   ABŞ  





Xəbər lenti