Avropa Birliyi vətəndaşlığı pulla satılacaq
Maltanın baş naziri Yozef Muskat bildirib ki, qanun qəbul olunduqdan sonrakı ilk ildə 45 nəfərə Malta vətəndaşlığının satılması nəzərdə tutulur və dövlət büdcəsinə 30 milyon avro vəsait daxil olacaq. Sonrakı illərdə vətəndaşlığa müraciət edənlərin sayının 200-300 nəfərə kimi artacağı gözlənilir.
Parlamentdə təmsil olunan müxalifət partiyaları qanun layihəsini sərt tənqid edərək, vətəndaşlığa müraciət edəcək şəxslər qarşısında Maltada daimi yaşayışda olmaq, ölkə iqtisadiyyatına sərmayə yatırmaq və ölkənin iqtisadi və ictimai həyatına inteqrasiya etmək tələbi qoyulmadığını ciddi qüsurlar kimi diqqətə çəkiblər.
Maltanın tezliklə Karib adaları kimi “vergi cənnəti”nə çevrilməsi təhlükəsi ilə üz-üzə gələcəyini bildirən deputatlar vətəndaşlığın satışına dair parlament qərarına xalqın referendum vasitəsilə münasibət bildirməsini tələb ediblər. Eyni zamanda, onlar vətəndaşlıq hüququnun bir növ hərraca çıxarılmasının təkcə Maltaya şamil olunmadığını, həmin əcnəbilərin avtomatik olaraq Avropa İttifaqı vətəndaşlığını əldə etməsinin ittifaq ölkələrinin narazılığına səbəb olacağına diqqəti yönəldiblər.
Teqlər: