20 ildir Nyu-Yorkda yaşayan azərbaycanlı akademik

  20 ildir Nyu-Yorkda yaşayan azərbaycanlı akademik
  05 Mart 2019    Oxunub:6945
Akademik elmi dərəcəsi hər alimə nəsib olmur. Bu adı Rusiya kimi nəhəng dövlətdən almaq isə böyük bir nailiyyətdir. Onun haqqında ölkəmizdə az adamın məlumatı var. Heç sosial mediada da ətraflı nəsə yerləşdirilməyib. Amma fəxr ediləsi soydaşlarımızdan biri də odur.
Söhbət akademik Əli Həsən oğlu Nəsibovdan gedir. O, 1942-ci ildə Borçalının Baş keçid (Dumanisi) rayonunda anadan olub. 1960-cı ildə orta təhsilini rus dilində başa vuraraq, Bakıya gəlib.

1960-1965-ci illərdə Azərbaycan Politexnik İnstitutunun mexanika-metalurgiya fakultəsində oxuyub, mühəndis ixtisasına yiyələnib. Sonra bir il hərbi xidmət keçib. 1967-1969-cu illərdə bitirdiyi institutun metalların texnologiyası və metalşünaslıq kafedrasında asissent işləyib. 1969-cu ilin sonunda Moskvada İ.P. Bardin adına Qara metalurgiya üzrə mərkəzi elmi tədqiqat institunun aspiranturasına qəbul olunub.

1970-1973-cü illərdə orada oxuyub. 1973-1989-cu illərdə həmin institutun, laboratoriyalarının birində qrup rəhbəri, 1989-1999-cu illərdə isə Rusiya Federasiyası Elm və Texnologiyalar Nazirliyində baş mütəxəsis vəzifələrində çalışıb. Eyni zamanda, Moskva Axşam Metalurgiya İnstitutunun professoru olub. 1974-cü ildə texnika elmləri namizədi, 1992-ci ildə texnika elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 1995-ci ildə Rusiya Federasiyası Təbii Elmlər Akademiyasının müxbir üzvü seçilib, 1996-cı ildən isə həqiqi üzvüdür.
Akademik Əli Nəsibov 1998-ci ildə Rusiya Fedarasiyasının Nazirlər Sovetinin mükafatı ilə təltif edilib.

1999-cu ildə ABŞ hökumətinin xüsusi dəvəti ilə Nyu-Yorka gəlib. Bir müddət Nyu-Yorkda texniki kollecdə işləyib, sonra şirkətlərin birində çalışıb. 2009-cu ildə səhhəti ilə əlaqədar təqaüdə çıxıb.

Deyir ki, - "Amerikaya gəlmək istəyənlər ilk növbədə ingilis dilini yaxşı öyrənsinlər. Çalışsınlar ki, buraya gələndən sonra heç olmasa kolleclərdən birini bitirsinlər ki, gələcək həyatlarında yiyələndikləri ixtisasa uyğun iş tapa bilsinlər. Necə deyərlər, dik baş yox, diri baş olsunlar. Xalqımızın yüksək mədəniyyətə qadir olduğunu burada nümayiş etdirməyi bacarsınlar".

Azərbaycan üçün çox darıxır. Evində iki televizor var, hər biri Azərbaycanın 12 telekanalını tutur. Demək olar ki, ancaq həmin telekanallardan yayımlanan verilişləri izləyir. İctimai işlərdə də fəal olub. 2004-cü ildə təsis olunan "Azərbaycan Nyu-York Asossasiyası"nı bir müddət idarə edib. Azərbaycanla bağlı xeyli tədbirlər məhz onun rəhbərliyi altında keçirilib.

Ömür-gün yoldaşı Mahirə Nəsibova Moskvada Tibb inistitunu bitirib, ixtisasca həkimdir. Hazırda Nyu-Yorkdakı orta məktəblərin birində çalışır. Üç övladı var, iki oğlan bir qız.

Beləcə, vətənimizi canından əziz bilən, xalqına həmişə başucalığı gətirən, uzaq Amerikada Azərbaycanla nəfəs alan bir soydaşımızı da sizə təqdim etdim.
Bəli, bu ağsaqqal akademikə möhkəm can sağlığı, firəvan həyat arzulayırıq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ   Akademik  





Xəbər lenti