AŞ korrupsiya sarıdan üz qarasına çevrilir – MEDİA DAYCEST

AŞ korrupsiya sarıdan üz qarasına çevrilir – MEDİA DAYCEST
  06 Fevral 2013    Oxunub:3333
Eldar Sabiroğlu qeyd edib ki, “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri Yaşar Cəfərlini hazırlayan adamlar var. Sifarişin hardan gəldiyi ünvan da bəllidir. Sifarişin hardan gəldiyini bilsəm də ad çəkməyəcəm, çünki ad çəksəm böyük hay-küy qopar.
Unikal

Siyasiləşən sosial şəbəkələr

Sosial şəbəkələr əslində bu gün həm də bir informasiya daşıyıcılıq missiyasını həyata keçirir və siyasi proseslərin aktivləşməsinə təsir edir. Müşahidəçilər hesab edir ki, qarşıdan gələn prezident seçkilərində sosial şəbəkələrin rolu qabarıq şəkildə görünəcək və seçkiləri çətinləşdirən amillərdən birinə çevriləcək. Çünki sosial şəbəkələrdə bir başa ünsiyyət mümkündür və bu ünsiyyətlə tərəfdaş toplamaq rahat olur.

“Əkrəm Əylislinin milli hissi yoxdursa, onda bəşəri hiss ola bilməz”

“Minlərlə azərbaycanlını qətlə yetirən, Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımını törədən erməni gəncini bəşəri hislərin müdafiəçisi kimi, öz millətinin nümayəndəsini isə cılız xislətli, qatil bir şəxs kimi təqdim etmək hansı əqidəyə sığar? Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında çıxışı zamanı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov qeyd edib ki, bir insanın milli hissi yoxdursa, onda bəşəri hiss ola bilməz.

Əhməd Davudoğlu Ermənistana xəbərdarlıq etdi: “Qarabağdan çıxın!”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qahirədə İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Azərbaycanın Dağlıq Qarabağ problemindən söz açıb. Türkiyəli nazir bölgədə yaşanan problemlərdən danışaraq Ermənistanın işğalçılıq siyasətini pisləyib. Ə.Davudoğlu Dağlıq Qarabağ probleminin həll edilməməsində rəsmi İrəvanı günahkar bilərək erməniləri Qarabağı tərk etməyə çağırıb.

Bizim Yol

Rüstəm İbrahimbəyovun təşkilatının qeydiyyatı ləğv olunur

Azərbaycan Ədliyyə Nazirliyi bir həftə əvvəl Hökumət Evindəki ofisindən çıxarılan Kinematoqrafçılar İttifaqının qeydiyyatını ləğv etməyə hazırlaşır. Bu barədə “Bizim Yol”u məlumatlandıran ittifaq üzvlərindən biri deyib ki, nazirlik indiyə qədər quruma iki dəfə xəbərdarlıq edib: “Birinci xəbərdarlıq ittifaqın iclaslarının nizamnamədə tələb olunan vaxtda keçirilməməsi, ikincisi isə Vergilər Nazirliyinin açdığı cinayət işi ilə bağlıdır”. Ədliyyə Nazirliyi hər iki xəbərdarlığı əsas tutaraq ittifaqın qeydiyyatının ləğv edilməsi haqqında qərarı yaxın günlərdə elan edəcək. İttifaqın sədri Rüstəm İbrahimbəyov ölkədə olmadığından onun mövqeyini öyrənə bilmədik.

Bizə qarşı sifarişin hardan gəldiyi bəllidir

Zabitlərin yaydığı bəyanatı müdafiə edənlərlə yanaşı, etirazını bildirənlər də oldu. Etiraz edənlərin əsas arqumenti belə idi ki, guya ordu ictimai-siyasi proseslərə qoşulmaqla öz işindən yayınır. Bu fikirlə qətiyyən razılaşmaq olmaz. Biz öz hökumətimizə, Ali Baş Komandanımıza arxayınıq. Bütün qayğıları da ondan gözləyirik. O zaman nədən Müdafiə Nazirliyi və onun rəhbərliyi hədəfə çevirilməlidir? Müdafiə Nazirliyinin rəhbərliyini top-tüfəngə tutmasınlar, açıq söyləsinlər ki, əlimizə müəyyən fürsət düşüb, qamçılamaq istəyirik. Bunu onlara sifariş ediblər. Hazır şəkildə onların qarşısına qoyulur, təkidlə bildirirlər ki, bunları söylə və qeyd olunan fikirlərdən kənara çıxma. Eldar Sabiroğlu onu da qeyd etdi ki, “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri Yaşar Cəfərlini hazırlayan adamlar var. Sifarişin hardan gəldiyi ünvan da bəllidir. Bu yaxınlarda xeyli sayda zabitimizə mənzil verildi. Bunlar nə üçün sadalanmır? Çünki ona sərf etmir. Təəssüf edirəm ki, bəzi KİV-lər də onlara geniş tribuna verirlər. O da əsassız, məntiqsiz, qərəzli fikirlərini yaymaqla məşğuldur. Hesab edirəm ki, onların açıqlamaları ordu ilə ictimaiyyət arasında münasibətləri korlaya bilməz. Sifarişin hardan gəldiyini bilsəm də ad çəkməyəcəm, çünki ad çəksəm böyük hay-küy qopar.

Yeni Müsavat

ABU işi Mahir Abdullayevlə bağlı açılan işdən ayrıldı

ABU-nun sabiq rektoru Elşad Abdullayevin vəkili bizə son müsahibəsində bildirmişdir ki, bu iş Mahir Abdullayevin itkin düşməsi ilə başlanıb, sonradan adam öldürmə maddəsinə tövsif olunub. Dünən aldığımız xəbərə görə isə sözügedən cinayət işləri ayrılıb. “Yeni Müsavat”a açıqlamasında ABU-nun rektoru Elşad Abdullayev dedi ki, əslində əvvəl bu iki işin birləşdirilməsi onu susdurmaq məqsədi daşıyıb. O bildirib ki, ABU-nu məndən almaq məqsədi ilə qardaşımı Ramiz Mehdiyev oğurladıb. İndiyə qədər də imkan vermir ki, bu işin üstü açılsın.

“Azərbaycan üçün savaş qərarı vermək asan deyil”

Azərbaycan və Ermənistan növbəti Qarabağ savaşına hazırlaşır. Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Müdafiə Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaşı Uayan Merri “The National İnterest” jurnalında dərc edilmiş məqaləsində qeyd edir. U.Merri yeni müharibədə tərəflərin əvvəlki savaşla müqayisədə daha güclü hərbi arsenalla üz-üzə dayanacağını yazır. Qeyd edək ki, növbəti Qarabağ savaşının sərt olacağı ilə bağlı daha əvvəl də ekspertlərin rəyi olub. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu deyir ki, Qarabağda müharibəyə istənilən qığılcım rəvac verə bilər. Onun fikrincə, hətta Xocalı Hava Limanından uçuş da savaşa gətirə bilər. Ancaq ekspert hazırda tərəflərin müharibəyə hazır olmadığını deyir.

Gündəm Xəbər

Gədəbəydə Yediyarov zülmü

Məqalədə Gədəbəy rayonun İcra başçısı Ramiz Yediyarov ciddi tənqid olunur. Belə ki, icra başçısı sakinlərə qarşı törətdiyi zülmlər artır, əhalinin narazılığı isə kütləviləşir. Bu gün Gədəbəy rayonu respublikada ən çox ərizə, şikayət yazan rayonlardan biridir.

Azadlıq

Avropa Şurası korrupsiya sarıdan qitənin üz qarasına çevrilir

“Avropa Strategiyası” dərgisinin baş redaktoru Judy Dempsey fevralında 4-də “Nyu-York Times” qəzetində çap olunan məqaləsində korrupsiyanın Avropa demokratiyasının axırına çıxmaq qədər təhlükəli həddə çatdığını yazır.
Məqalədə qeyd edilir ki, xüsusilə Avropada insan haqlarının müdafiəsi, demokratik dəyərlərin yayılması məqsədilə 64 il əvvəl yaradılmış Avropa Şurası az qala Avropanın korrupsiya sarıdan bir üz qarasına çevrilib. Avropada lobbi qruplarına nəzarət edən LobbyControl təşkilatının nümayəndəsi Timo Lange hesab edir ki, korrupsiya demokratiyanı alt-üst edə bilər: “Əgər seçicilər siyasi partiyalar və hökumətlərin korrupsiyanı kəsmək üçün addımlar atmadıqlarını görsələr, mövcud ənənəvi siyasi sistemə inamlarını itirə bilərlər.”




Teqlər:  





Xəbər lenti