ABŞ Rusiya qarşısında şərt qoydu

 ABŞ Rusiya qarşısında şərt qoydu
  05 Mart 2019    Oxunub:2170
ABŞ “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqavilə üzrə Rusiya ilə danışıqlara hazırdır, lakin müəyyən şərtlər altında.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən verilən bəyanatda deyilir. Bildirilir ki, ABŞ və onun müttəfiqlərinin təhlükəsizliyi naminə maneəsiz yoxlamalar aparmaq imkanının mümkünlüyü halında orta mənzili müqavilənin qorunub saxlanması üçün Moskva ilə danışıqlara hazırdırlar.

Xatırladaq ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Rusiyanın “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqavilənin müddəalarını yerinə yetirməsini dayandırması barədə fərman imzalayıb. Fərmana əsasən, ABŞ müqavilə üzrə öhdəlik pozuntularını aradan qaldırmayanadək və ya sənədin qüvvəsi başa çatanadək Rusiya müqavilə şərtlərinin icrasını dayandırır.

Ötən ilin 20 oktyabrında ABŞ prezidenti Donald Tramp Rusiyanın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilənin şərtlərini pozduğuna görə Vaşinqtonun sazişdən çıxacağını bəyan edib. Onun sözlərinə görə, “başqalarının ağlı başına gələnədək ABŞ öz nüvə potensialını artıracaq”. Ötən ilin 4 dekabrında isə Vaşinqton müqavilənin şərtlərinə əməl etməsi üçün Rusiyaya 60 gün vaxt verib. Əks təqdirdə, ABŞ müqavilənin icrasını dayandıracaq. Vaşinqtonun bu qərarı NATO tərəfindən də dəstəklənib.

Nəticədə, qarşılıqlı ittihamlardan sonra 2019-cu ilin 2 fevralında Tramp müqavilədən çıxdıqlarını bəyan edib. Moskva isə Vaşinqtonun bu addımına adekvat cavab verəcəklərini bildirib.

ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müddətsiz müqavilə 1987-ci ildə Qorbaçovla o zamankı ABŞ prezidenti Ronald Reyqan arasında Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir. Ekspertlərin fikrincə, müqavilənin ləğvi dünyada, xüsusən də iki ən böyük nüvə dövləti - ABŞ-la Rusiya arasında silahlanma yarışına səbəb olacaq ki, nəticədə qlobal, xüsusən də Avropa ölkələrinin təhlükəsizliyinə ciddi zərbə dəyə bilər. Çünki Rusiyanın qarşısının alınması üçün Vaşinqtonun nüvə başlığa daşıya bilən yer tipli orta mənzilli ballistik raketlərini yerləşdirəcəyi ilk region Avropa olacaq.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Raket   Rusiya   ABŞ  





Xəbər lenti